Fəaliyyətə dair illik hesabatlar
2018-ci ilin hesabatı
2018-ci ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair
H E S A B A T
Tarixə dönən, xalqımızın yaddaşında uğurlarla qalan 2018-ci ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2019-cu il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Iclasda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Nazirlər Kabinetinin 2018-ci ilin sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən cənab Prezidentimiz demişdir :” 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir “ . Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ümumi daxili məhsulun 1,4 faiz ,qeyri-neft sektorunun 1,8 faiz, kənd təsərrüfatının 4,6 faiz , əhalinin pul gəlirlərinin 9,2 faiz artdığını deyən cənab Prezidentimiz 2018- ci ildə ölkə iqtisadiyyatına 17 milyard 200 milyon manata yaxın sərmayənin qoyulduğunu bildirmişdir.
Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yekunlarına həsr olunan konfrans keçirilmişdir. Konfransda cənab Prezidentimiz regionların inkişafı ilə bağlı mövcud vəziyyəti və görüləcək işləri bir daha dərindən təhlil etmiş və yeni vəzifələr müəyyənləşdirmişdir. Cənab Prezidentimiz il ərzində görülən işlərə yekun vuraraq demişdir : “ Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək “.
Konfransda çıxış edən cənab Prezidentimiz qeyd etdi ki, bu gün ölkəmizdə yeni, ən müasir standartlara cavab verən sosial - iqtisadi infrastruktur yaradılmışdır. Azərbaycanın dünyada nüfuzu artmış, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Konfransda yaranmış vəziyyətdə çevik və sistemli tədbirlərin həyata keçirilməsi, iqtisadi və maliyyə tarazlığının təmin edilməsi, dinamik inkişaf tendensiyasının qorunub saxlanması üçün ölkənin bütün resurslarının səfərbər olunması vacib vəzifə kimi qarşıya qoyulmuşdur. Qeyd etmək istəyirəm ki, istər Nazirlər Kabinetinin iclasında, istərsə də yanvarın 29-da keçirilmiş konfransda cənab Prezidentimiz yeni iqtisadi siyasət konsepsiyasının başlıca istiqamətlərini göstərmiş, sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsi, dövlət orqanlarında struktur islahatların aparılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların minimuma endirilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
2018-ci il aprel ayının 11-də ölkəmizin ictimai- siyasi həyatında çox mühüm hadisə baş vermiş – prezident seçkiləri keçirilmişdir. Prezident postu uğrunda 8 namizəd mübarizə aparmışdır. Min məntəqədə quraşdırılmış veb-kameralar səsvermənin gedişini onlayn izləməyə imkan vermişdir.
Azərbaycan Respublikası Prezidentinin seçkiləri Şəkidə də demokratik və seçicilərin yüksək fəallığı şəraitində uğurla keçirilmişdir. Seçkilərin gedişini müxtəlif siyasi partiyaları təmsil edən yerli, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu, Avropa Şurasının Parlament Assambleyasının , MDB Parlamentlərarası Assambleyası və ABŞ səfirliyini, eyni zamanda Türkdilli Ölkələrin Əməkdaşlıq Təşkilatını təmsil edən xarici müşahidəçilər izləmişlər. 113 saylı Şəki şəhər seçki dairəsi üzrə seçicilərin 85,3 faizi, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə seçicilərin 85,86 faizi, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə seçicilərin 84,7 faizi cənab Prezidentimiz İlham Əliyevə səs vermişdir. Aprelin 17- də Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq olunması məsələsinə baxılmış və plenum MSK-nın protokolunu təsdiq etmişdir. İlham Heydər oğlu Əliyev səslərin 86,02 faizini toplayaraq çox böyük səs fərqi ilə növbəti yeddi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirmiş və demişdir. “ Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”. Aprelin 18-də keçirilən rəsmi andiçmə mərasimində çıxış edən cənab Prezidentimiz qeyd etdi ki, seçkilər ədalətli və şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.
Qeyd etmək istəyirəm ki, 2018- ci ilin oktyabr ayı şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Oktyabr ayının 29-da cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş , Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin, 7,2 km. uzunluğunda Şəki- Kiş avtomobil yolunun , Şəki “ ASAN Həyat “ kompleksinin , Heydər Əliyev Fondu tərəfindən inşa olunan qarışıq tipli uşaq evinin , “ ABAD “ Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı Şəki “ ASAN Həyat “ Kompleksinin əməkdaşları ilə görüşündə demişdir: “ Şəki bizim qədim tarixi şəhərimizdir, nəinki Azərbaycanda, bütün bölgədə öz təbiəti, memarlığı, mətbəxi ilə fərqlənən şəhərdir. Şəkinin tarixi simasını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur, Azərbaycan dövlətinin borcudur və biz bunu edirik. Şəki öz qədim tarixi simasını saxlayaraq inkişaf edir, müasirləşir. Şəki rayonunda böyük infrastruktur layihələri icra edilir “.
2018-ci ilin oktyabr ayında cənab Prezidentimiz Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 4 Sərəncam imzalamışdır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz Şəkiyə 8 dəfə səfər etmiş , bu səfərlər zamanı 24 obyektin açılışında və təməlqoyma mərasimlərində iştirak etmiş, qısa müddətdə Şəkinin sosial – iqtisadi inkişafı ilə bağlı 18 Sərəncam imzalamışdır.
2018-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq. 2018-ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 459 milyon 235 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 113 faiz təşkil edir. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 2462 manatlıq məhsul istehsal olunmuş, pərakəndə əmtəə dövriyyəsi 418 milyon 359 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 101,7 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 100 milyon 583 min manat olmuşdur ki, bu da 2017- ci illə müqayisədə 104,8 faiz təşkil edir. Rayonda 2018-ci ildə 2118 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 15 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 27,2 faizi mövcud müəssisə və təşkilatların, 87, 4 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə 01 oktyabr 2003- cü il tarixdən 01 yanvar 2018-ci il tarixədək rayonda 21819 yeni iş yeri açılmışdır ki, bunun da 95,9 faizi daimi iş yerləridir. Daimi iş yerlərindən 13,8 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 20,3 faizi mövcud müəssisə və təşkilatların, 57,8 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 270 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,2 faiz çoxdur. Hazırda rayonda 22 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 10-u kiçik müəssisədir. 2018-ci ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 109 milyon 128 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 120,7 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın 87,6 faizi dövlət mülkiyyətinin , 12,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 100 milyon 938 min manatı və ya 92,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 122,1 faiz təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Cənab Prezidentimiz demişdir: “Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq. Bildirməliyəm ki, əvvəlki illərdə sahibkarlara 2,2 milyard manat məbləğində güzəştli kreditlər verilmişdir, keçən il isə 160 milyon manat. Sevindirici haldır ki, verilən kreditlər əvvəlcə verilmiş və sonra qaytarılan kreditlər hesabına verilir. Yəni, büdcə bu məsələyə pul xərcləmir. Artıq bu vəsait akkumulyasiya olunub. Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və göstərəcəyik. Sahibkarlara daha böyük kömək göstərmək üçün indi bir çox ölkələrə ixrac missiyaları təşkil olunur “.
Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Nazirlər Kabinetinin geniş iclasında çıxış edən cənab Prezidentimiz sosial infrastruktur layihələrinin uğurla icra olunduğunu bildirmiş , bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Bəhs olunan dövrdə Şəkidə əmək haqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. Müddət ərzində 24826 nəfər əmək pensiyaçısına xidmət göstərilmişdir. Onlardan 15243 nəfəri yaşa,7896 nəfəri əlilliyə, 1687 nəfəri ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır. Aztəminatlı ailələrin Dövlət Sosial Müdafiəsinin təmini məqsədilə Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “ Ünvanlı Dövlət Sosial Yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması,verilməsi və verilməsindən imtina edilməsi Qaydaları “ ilə vətəndaşların tanış olması üçün şöbədə maarifləndirmə işləri təşkil olunmuş , eyni zamanda əhali aktiv məşğulluq layihəsinə cəlb olunmuşdur. Cənab Prezidentimiz İlham Əliyevin ölkənin sosial- iqtisadi inkişafına dair imzaladığı Fərman və Sərəncamları rəhbər tutaraq “ Məşğulluq haqqında”Azərbaycan Respublikası Qanununa uyğun olaraq Şəki rayonunda işaxtaran və işsiz vətəndaşların məşğulluğunu və onların sosial müdafiəsini təmin etmək məqsədilə 2018-ci il üçün Ərazi Məşğulluq proqramı işlənib hazırlanmış , əhalinin aktiv məşğulluq proqramına cəlb edilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinə başlanmış, 119 nəfər işaxtaran və işsiz vətəndaş özünüməşğulluq layihəsi çərçivəsinə təlimlərə cəlb olunmuş, ilin sonunda isə 12 nəfər bu Proqram çərçivəsində peşə kurslarına cəlb edilmişdir.
2018-ci ildə mərkəz tərəfindən 747 nəfər işlə təmin olunmuşdur. Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədilə rayonun bir sıra müəssisələrində Şəki şəhər icra hakimiyəti başçısının Sərəncamına əsasən 12 kvota yeri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanmışdır. Kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum istifadə etmək, əkin torpaqlarını genişləndirmək , müasir tələblərə cavab verən iri istehsal və emal sahələrini yaratmaq və sair bu mərhələnin əsas vəzifəsidir. Aqrar sahədə həyata keçirilən islahatların əsas məqsədi əhalinin məşğulluq problemini həll etmək, qeyri- neft sektorunu inkişaf etdirməkdən ibarətdir. Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımların atıldığını qeyd edərək demişdir :” Kənd təsərrüfatı sahəsində 4,6 faiz artım yaxşı göstəricidir. Ancaq bu sahədə də çox ciddi islahatlar aparılır. Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi bir çox önəmli təşəbbüslər irəli sürüb. Mən onları bəyənmişəm, dəstəkləmişəm. İndi onların icrası başlanılır. Mən əminəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatı istehsalı böyük dərəcədə artacaq, o cümlədən ixrac artacaq, daxili tələbat daha çox yerli məhsullar hesabına təmin ediləcəkdir. Özümüzü təminetmə əmsalı artacaq, qeyd etdiyim kimi, ixrac imkanlarımız genişləndiriləcək, biz yeni bazarlara çıxış əldə edəcəyik. “. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda cənab Prezidentimiz kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd etmiş və bu sahədə qarşıda duran başlıca vəzifənin ölkənin əsas ərzaq məhsulları ilə təminatı məsələsi olduğunu diqqətə çatdırmışdı. Konfransda cənab Prezidentimiz xüsusilə vurğuladı ki,indiyədək görülən işlərin miqyası onu deməyə əsas verir ki, qarşıdan gələn bir neçə ildə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi məsələsi həll olunacaq, digər tərəfdən isə Azərbaycanın ixrac potensialı daha da güclənəcəyini söyləmiş , ərzaq təhlükəsizliyinin təmin edilməsinin ölkə üçün prioritet məsələ olduğunu vurğulayaraq demişdir : “ Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək“.
Şəki respublikamızın ən iri aqrar rayonlarından biridir. Rayonun kənd təsərrüfatının əsas sahələrindən birini taxılçılıq təşkil edir. Rayon ərazisində taxıl istehsalçıları tərəfindən ötən iln payızında əkilmiş 66839 hektar taxıl sahəsində yetişən məhsulun vaxtında və itkisiz yığılması üçün tərəfimizdən zəruri tədbirlər görülmüş, sahələrdən 221 min ton məhsul istehsal edilmiş , orta məhsuldarlıq 33 sentner təşkil etmişdir ki, bu da ötən ilin istehsalından 7 min ton çoxdur. 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün rayonda 68068 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir.
Rayonumuz üçün spesifik hesab edilən baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafının təmin edilməsi istiqamətində ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün geniş iş aparılır. Şəki həm də tarixən ipəkçilik diyarı kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində atılan mühüm addımdır. Həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranmış,”Azər İpək “MMC öz fəaliyyətini bərpa etmişdir. Qısa müddətdə ipəkçiliyin inkişafı sahəsində görülən tədbirlər şəhər əhalisinin məşğulluq probleminin həll olunmasında mühüm rol oynamış, ötən il 514 ton yaş barama tədarük etmiş, müəssisənin ilboyu işləməsi üçün zəmin yaranmışdır. Hazırda müəssisədə 600 nəfərə yaxın işçi çalışır ki, onun da 70 faizini qadınlar təşkil edir. Bu isə gender məsələsinin uğurlu həllinə xidmət edir. Bu gün keyfiyyətli Şəki ipəyindən hazırlanan müxtəlif məhsulların Avropa bazarlarına çıxarılması istiqamətində iş aparılır. Milli mədəniyyyətimizin ayrılmaz tərkib hissəsi olan ipəkçiliyin inkişafı barama istehsalının artırılmasını tələb edir. Bu məqsədilə yem bazasının genişləndirilməsi üçün son 3 ildə baramaçılıqla məşğul olan kəndlərdə 376570 ədəd tut tingləri əkilmiş, yeni kümxanalar qurulmuşdur. Baramaçılığın inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər rayonda barama istehsalının dinamik inkişafına müsbət təsir göstərmişdir. Belə ki, rayonda 2018-ci ildə i 48 ton barama istehsal edilmiş, 2851 nəfər işlə təmin olunmuşdur. 2018-ci ildə kümçülər ümumilikdə 400 min manatdan çox gəlir əldə etmişlər.
Rayonda istehsal olunan ixrac yönümlü məhsullardan birini də tütün təşkil edir. Rayonumuzda tütün əkinlərinin genişləndirilməsi və istehsalın həcminin artırıması daim diqqət mərkəzində saxlanılır. Aqrar sektorun ən gəlirli sahələrindən biri olan tütünçülüyün inkişafı üçün Şəki rayonu əlverişli təbii iqlim şəraitinə, torpaq və su ehtiyatlarına malikdir. XX əsrin 70-80-cı illərində bu sahə Şəkidə daha da inkişaf etmiş, tütünün ilkin emal zavodu tikilmiş, tütünçülük sahəsində əldə olunan gəlirlər nəticəsində kənd əhalisinin sosial vəziyyəti yaxşılaşmışdır. Cənab Prezidentimizin tütünçülüyün inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində yerlərdə istehsalçılar arasında bu sahəyə maraq artmış, 2018-ci ildə 2977 ton quru tütün istehsal olunmuşd, 2000 nəfərə yaxın insan işlə təmin olunmuş, orta məhsuldarlıq 33,9 sentner olmaqla, ölkə üzrə rekord göstərici təşkil etmişdir. Bu il 1030 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Tütün istehsalı sahəsində fərqləndiyinə görə rayonumuzun sakini Mustafayev Əlövsət Əmir oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Əmək “ordeni ilə təltif olunması tütünçülərimizin əməyinə verilən ən böyük qiymətdir.
Qərzəkli meyvələrin vacib kənd təsərrüfatı məhsulu olması, təbabətdə və şirniyyat istehsalında önəmli rol oynaması, rentabelli olması və sair amillərə görə istehsalının genişləndirilməsinin vacibliyini nəzərə alaraq əhali arasında yeni qərzəkli bağçılıq təsərrüfatlarının yaradılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir və bu sahəyə xarici investorların cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılır. 2018-ci il ərzində 650 hektar ərazidə yeni fındıq bağı salınmışdır.
2018-ci ildə Şəkidə kənd əhalisinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı Sərəncamlara əsasən son beş ildə rayonumuzun müxtəlif yaşayış məntəqələrində 60 subartezian quyusu qazılmış, nəticədə suvarma işləri yaxşılaşdırılmış, dövlət suvarma şəbəkələrinin fəaliyyəti gücləndirilmişdir.
Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezidentimizin kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu əsas vəzifələrdən biri də yararsız torpaqların istifadəyə cəlb olunması, yeni kənd təsərrüfatı texnikalarının alınması , iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsidir . Kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya qoylulan əsas vəzifələrdən biri də iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsi olduğunu qeyd edən cənab Prezidentimiz demişdir : “ Kənd təsərrüfatı çox ciddi, çox böyük sahədir. Əhalinin demək olar ki, yarısı kəndlərdə yaşayır. Ona görə bu sahə daim diqqət mərkəzindədir. İri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində də yaxşı nəticələr var. Proqrama görə, bizdə, ümumiyyətlə 51 aqropark və iri fermer təsərrüfatı yaradılmalıdır. Onlardan 17-si yaradılıb və bu 17 aqroparkın ümumi sahəsi 104 min hektardır. Ümumiyyətlə isə bütün aqroparkların əhatə etdiyi sahə təqribən 200 min hektara yaxın olacaqdır. İndi 31 aqroparkın yaradılmasına 2,2 milyard manat vəsait nəzərdə tutulur. Onların istehsal edəcəyi məhsullar, indi təxmini hesablamalar göstərir ki, təqribən 800 milyon-1 milyard manata yaxın olacaqdır “.
Məhz cənab Prezidentimizin tapşırıq və tövsiyəsinə uyğun olaraq rayonumuzun Bolludərə, Qaratorpaq və Sarıca kəndləri ərazisində “Aqroinkişaf 2017” MMC tərəfindən icarəyə götürülmüş 8969 hektar sahədə aqropark yaradılır. Aqroparkın istifadəsinə verilən torpaq sahəsinin Bolludərə kəndi ərazisində yerləşən hissəsində 194 hektarda müasir aqrotexniki qaydada qoz bağı salınmışdır. 194 hektar bağın 17 hektarını tinglik sahə, 177 hektarını isə qoz bağı təşkil edir. Aqroparkda suvarma işlərini həyata keçirmək üçün 700 min tonluq su anbarı və əkin sahələrinin müasir damcı üsülü ilə suvarılmasını təmin etmək üçün 700 tonluq əlavə su anbarı tikilir, ərazidə 7,5 km uzunluğunda sahələr arası yol çəkilir. Burada həmçinin geniş mexanizasiya parkı (qaraj), laboratoriya, soyuducu anbar, ağac calağı üçün emalatxana və yanacaq anbarının tikintisi nəzərdə tutulur. Aqroparkın ərazisində 7,5 km uzunluğunda sahələrarası yol çəkilir.
“Green Faktory” MMC-nin tərəfindən rayonumuzda beynəlxalq standartlara cavab verən intensiv meyvə bağlarını və meyvə emalını özündə birləşdirən kompleks yaradılmışdır. layihənin reallaşdırılması üçün Sahibkarlığa Kömək Miili Fondu xətti ilə alınmış güzəştli kredit vəsaitindən istifadə edilməklə İtaliya və Fransa və Türkiyədən gətirilmiş 61min ədəd müxtəlif növ meyvə tingləri əkilmişdir. Şəkinin tarixən qərzəkli meyvələrin, o cümlədən şabalıdın yetişdirilməsi üçün əlverişli ərazilərdən biri olduğunu nəzərə alaraq bu il ilkin olaraq 15 hektar ərazidə şabalıd ağaclarının əkilməsi nəzərdə tutulmuşdur. Cənab Prezidentimizin tapşırığına əsasən əvvəllər əkinə tam yararsız olan , dağ çaylarının yataqları iri daşlardan və kol- kosdan təmizlənərək yaradılan kompleksin ərazisində yol infrastrukturu yaradılmış, bağın suvarılması üçün 20. 000 kub metr tutumu olan su anbarı və irriqasiya sistemi yaradılmış, istehsal olunan meyvə məhsullarının saxlanılması üçün soyuducu kameralar, qablaşdırma , meyvə emalı və qurudulması üçün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Meyvələrin uzunmüddətli saxlanması üçün quraşdırılmış çeşidləmə və qablaşdırma avadanlığının istehsal gücü saatda 5 tona yaxındır. İrriqasiya sistemlərinin quraşdırılması İsrail şirkətləri tərəfindən həyata keçirilmişdir. Baş verən təbiət hadisələrinin təsərrüfata vurduğu ziyanın qarşısını almaq üçün ilk dəfə olaraq bütün il ərzində hava şəraitinə nəzarət edən meteo- nəzarət stansiyası və dolunun dağıdılması üçün xüsusi avadanlıqlar quraşdırılmışdır. Hazırda 50 nəfərin daimi işlə təmin olunduğu bağçılıq təsərrüfatında məhsul yığımı dövründə əlavə olaraq 200 nəfər mövsümü işlərə cəlb olunur. Bu il bağçılıq təsərrüfatında istehsal etdiyimiz 800 ton məhsul ölkə daxilində satılmaqla yanaşı, Rusiya və MDB ölkələrinə də ixrac edilmişdir. Cari ildə məhsul istehsalını 1400 tona çatdırmaqla daxili bazarda satış rəqabətini təmin etmək, ixrac coğrafiyamızı daha da genişləndirmək və “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə satılmasına nail olmaqdır. Rayonumuzun əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də dinamik inkişaf təmin edilir. Hazırda rayonda 71 295 baş iribuynuzlu, 309164 baş xırda buynuzlu, 281350 baş ev quşları var. Mövcud mal-qara arasında baytarlıq və damazlıq tədbirləri ardıçıl davam etdirilir, yem tədarükü işləri uğurla həyata keçirilir.
Rayonumuzda kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi , məhsul istehsalının artırılması daim diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, baramaçılığın, tütünçılüyün, üzümçülüyün inkişafı üçün mütəmadi tədbirlər həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələlərdəndir.
Müddət ərzində kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi məqsədilə Şəki Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə bir sıra regional müşavirə və seminarlar keçirilmişdir. Bu tədbirlərdə istehsalçılara yeni texnologiya və texnikalar , payızlıq taxıl səpini kompaniyasını optimal müddətdə başa çatdırmaq , payızlıq taxıl sahələrində fitosanitar tədbirlərin vaxtında və keyfiyyətlə aparılması üçün ətraflı məlumat verilmişdir.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiqlənmiş titul siyahısına uyğun olaraq 2018-ci ildə şəhərin 5 küçəsində su ötürücü arxlar quraşdırılmış, piyada səkiləri əsaslı təmir olunmuş, əsas prospekt və küçələrdə mütəmadi olaraq təmizlik və yaşıllıqlara qulluq işləri yerinə yetirilmiş, 7 küçə təmir edilərək asfalt beton örtük salınmışdır. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə çoxmənzilli ictimai yaşayış binalarının bloklarının əsaslı təmir edilməsi, həyətlərində abadlıq işləri aparılması, blokların və həyətin işıqlandırılması, dam örtüyünün əsaslı təmir edilməsi istiqamətində işlər yüksək sürətlə aparılmışdır. Müddət ərzində 16 ədəd çoxmərtəbəli ictimai yaşayış binasının dam örtükləri və 13 ədəd binanın blokları cari təmir edilmiş, həyətyanı sahəsində abadlıq işləri aparılmaqla 150 nəfər işlə təmin olunmuşdur.
2018-ci il ərzində Şəki rayonu Çayqaraqoyunlu - Turan - Cəyirli - Qozlubulaq - Sarıca - Qayabaşı - Bolludərə - Qaratorpaq marşrutu üzrə uzunluğu 50,9 km olan avtomobil yolunun 50,9 km-lik hissəsində torpaq işləri, görülmüş, Turan qəsəbəsinin uzun müddətdən bəri davam edən içməli su problemi “Azərsu” ASC-nin sifarişi ilə birdəfəlik həll edilmişdir.
Şəhərin qərb hissəsində yerləşən “İnzibati Mərkəz” kompleksində Ulu Öndər Heydər Əliyevin yeni abidəsi ucaldılmış, Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının tikintisi işləri başa çatdırılmışdır. 9 hektar ərazidə park salınmış, yüzlərlə yeni ağac tingləri basdırılmış, yaşıllıq sahələri salınmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki şəhəri Zərifə Əliyeva küçəsində “ASAN həyat” kompleksinin tikintisi başa çatmış, Yuxarı Baş tarix memarlıq qoruğunda qala divarları ilə əhatə olunmuş ərazidə “ASAN” layihəsinin bir qolu olan “ABAD” Keramika və Xalq Tətbiqi Sənət Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Bəxtiyar Vahabzadənin ev muzeyinin əsaslı təmiri işləri başa çatdırılmış, əvvəllər bu evdə yerləşən şəhər 3 saylı bağça üçün yeni binanın tikintisi tamamlanaraq istifadəyə verilmişdir. Tikinti işləri başa çatdırılmış 624 şagird yerlik Baş Zəyzid kənd tam orta məktəbi 2018-ci ildə şagirdlərin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayona xarici investisiya cəlb olunması sahəsində də müəyyən işlər həyata keçirilmişdir. Belə ki, kənd təsərrüfatı məhsullarının konservləşdirilməsi və xarici bazara çıxarılmasının təşkili üzrə Rusiya Federasiyasından olan iş adamlarının təşəbbüsü ilə rayonun Aşağı Küngüt kəndində ümumi sahəsi 782,1 kv.metr olan emal müəssisəsinin layihə sənədləri hazırlanaraq şəhər icra hakimiyyəti tərəfindən tikintisinə icazə verilmiş və hazırda tikinti işləri davam etdirilir.
Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində su anbarları tikilir və layihənin III mərhələsi üzrə şəhərdaxili su və kanalizasiya şəbəkə xətləri tikintisi davam edir. “Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2017-ci il tarixli 3264 nömrəli Sərəncamına əsasən Şəki rayonunun Kiş kəndində “Kiş Alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması işinin qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılması nəzərdə tutulur.
Şəki şəhərinin turizm potensialını düzgün qiymətləndirən şəhər icra hakimiyyəti turizm infrastrukturunun genişləndirilməsi məqsədilə investorların cəlb edilməsi sahəsində də bir sıra işlər həyata keçirmiş və görülmüş işlərin nəticəsi olaraq şəhərin Şəhriyar küçəsində turistlər daha əlverişli 3 mərtəbəli yeni 33 otaqlı mehmanxana binasının tikintisi işlərinə başlanılmışdır. Həmçinin “Şəki Park” istirahət mərkəzində 4 mərtəbəli müasir tələblərə cavab verən 55 otaqlı 4 ulduzlu otel tikintisi başa çatmaq üzrədir.
“Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli, 519 nömrəli sərəncamı ilə Şəki şəhərində 25 ədəd çoxmənzilli ictimai yaşayış binalarının dam örtüklərinin təmir edilməsi təmiri işləri yüksək surətlə və keyfiyyətlə aparılır.
“Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2018-ci il tarixli, 601 nömrəli sərəncamı ilə Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi işlərinə başlanılmışdır.
“Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2018-ci il tarixli, 600 nömrəli sərəncamı ilə Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə 3,0 milyon manat vəsait ayrılmışdır. Sərancamın icrası ilə əlaqədar torpaq sahəsi seçilmiş, binanın layihə sənədləri hazırlanmışdır, digər sənədlərin hazırlanması istiqamətində işlər aparılır. Qısa müddətdə tikinti işlərinə başlanacaqdır.
2018-ci ildə kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır. Müddət ərzində şəhər və kəndlərdə istismar müddətini başa vurmuş elektrik verilişi xətlərinin çəkilməsi, transformatorların təzələnməsi və təmiri ilə bağlı xeyli iş görülmüşdür. Belə ki, Şəki şəhərində və kəndlərdə artıq yüklənməyə məruz qalan 5 ədəd transformator yarımstansiyası yeni kompleks transformator məntəqələri ilə əvəz edilmişdir. 2018-ci ilin 12 ayı ərzində 3620 mənzil təbii qazla təmin edilmişdir.
Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bütün bunlarAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir. Bu diqqət və qayğı Şəkidən də yan keçməyib. Son illər rayonda 30-dan çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub.2018-ci ildə Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına müasir standartlara uyğun inşa edilmiş 624 şagird yerlik Baş Zəyzid kənd tam orta məktəbində 25 sinif otağı, 6 fənn kabineti, laboratoriyalar, kompüter otağı, kitabxana, bufet, akt və idman zalları yerləşir.
2017-2018-ci dərs ilində Şəkinin 96 ümumtəhsil məktəbində 24 min 730 nəfər şagird təhsil alıb. Dərs ilinin yekunlarına görə, 1733 şagird tam orta təhsil, 2008 şagird isə ümumi orta təhsil haqqında attestat alıb. Tədris ilində 70 nəfərdən çox Şəki məktəblisi respublika miqyaslı müsabiqə, olimpiada və yarışlarda uğur qazanmış, Təhsil Nazirliyinin, digər nazirlik və komitələrin diplom, fəxri fərman, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. Fənn olimpiadalarının final turunda iştirak etmiş 19 məktəblidən bir nəfəri qızıl, 2 nəfər gümüş, 3 nəfər isə bürünc medala layiq görülmüşdür. Ötən dərs ilində Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1733 məzundan 1279 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd vermiş, onlardan 888 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında məzunlardan 215 nəfəri 500-dən, 81 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişdir. Qəbul imtahanlarında Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova ən yüksək nəticə əldə edərək 700 bal toplamış, həmin liseyin daha bir məzunu Yusif Xəlilli və şəhər 11 saylı tam orta məktəbin məzunu Aytən Xəlilova 695 bal, Şəki şəhər 5 və 7 saylı tam orta məktəblərin məzunları Aysel Abdullayeva və Fərid Məmmədov isə 690 bal toplamağa müvəffəq olmuşdur. İmtahanlarda yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərin şəhər ictimaiyyətinə təqdim olunması münasibətilə tədbir keçirilmişdir.
Şəki təhsilinin əldə etdiyi uğurlar dövlətimiz tərəfindən həmişə olduğu kimi, bu il də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə şəhər 1 №-li tam orta məktəbin direktoru Cabbarova Tahirə “Tərəqqi” medalına, şəhər 10 №-li məktəbin müəllimi İbrahimova Sevil isə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 mart 2018-ci il tarixli Sərəncamı ilə bu il rayonun Çapağan, Aşağı Daşağıl, Yeni Göynük, Daşbulaq və Öyrət kəndlərində yeni modul tipli məktəbin tikintisi nəzərdə tutulmuşdur. Müddət ərzində təhsilin keyfəyyətinin yüksəldilməsi, hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı uşaqlarla işin yaxşılaşdırılmasına diqqət artırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu il 15-18 və 26- 29 mart , 14-17 və 18-21 noyabr tarixində respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə tur –aksiya keçirilmişdir .
Tur aksiya zamanı Şəkiyə 37 şəhər və rayondan 1672 nəfərə yaxın iştirakçı gəlmişdir. Tur-aksiya çərçivəsində məktəblilər şəhərimizin tarixini dərindən öyrənmiş, son illər Şəkidə görülən işlərlə yaxından tanış olmuşdur. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulan Şəki məktəbliləri 2018- ci il martın 26-da Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə , 18-21 noyabr tarixlərdə isə Quba-Qusar-Xaçmaz marşrutu üzrə hərəkət etmiş, bu bölgələrin görməli yerləri, tarixi-memarlıq abidələri, aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuşdular. Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi ilə qarşılanmışdır. Şəki şəhərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlarda dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda keçirilmiş konfransda Dövlət İmtahan Mərkəzinin fəaliyyəti, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verilmiş, imtahanların təşkili, imtahanlara cəlb edilən məsul şəxslərin, əlaqəli təşkilatların əməkdaşlığı, imtahanların texnologiyasında nəzərdə tutulan yeniliklər barədə ətraflı bəhs olunmuşdur.Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2018-ci ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Qeyd etmək istəyirəm ki , cənab Prezidentimizin tapşırıq və tövsiyəsinə uyğun olaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də dispanserizasiya uğurla aparılmışdır .
Aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılmış, cədvəl tərtib edilmişdir. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılmışdır. Şəki Mərkəzi Rayon Xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüş, müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak etmişdir. Fevralın 15-dən başlayan və mayın 15-dək davam edən aksiya çərçivəsində müayinədən keçən 79425 nəfər sakinin 2897 nəfər ambulator , 288 nəfər stasionar müalicəyə cəlb edilmiş, 78 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikasının Dünya Görmə Günü münasibətilə oktyabrın 11-də Şəkidə başladığı humanitar aksiya başa çatıb. İki gün davam edən aksiya zamanı 200-dən çox vətəndaşın gözü müayinə olunub, eyni zamanda, 10 xəstə üzərində cərrahi əməliyyat icra edilmiş,
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Şəki rayonunun İnçə kəndində “Tibb məntəqəsinin tikintisi” layihəsinin icrası başa çatmış, Böyük Dəhnə kənd həkim məntəqəsi üçün yeni bina inşa olunmuşdur.
Hər il şəhərimizdə keçirilən və artıq ənənə şəkilni alan “ İpək Yolu “ Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları , gözəl ifaçıların qatıldığı festival bizə həmişə xoş bayram ovqatı bəxş edib. “İpək yolu” Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu il 9-cu dəfə keçirilən festivalda da dünyanın tanınmış musiqi kolllektivləri iştirak etdi , şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi oldu.
İyunun 27-də başlanan və beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları musiqisevərlər Rusiya, Qazaxıstan, Macarıstan, Türkiyə, eləcə də Azərbaycanın musiqi, rəqs və folklor kollektivlərinin maraqlı konsert proqramlarını izləmişlər. Festival çərçivəsində UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Simpoziumu da keçirilmişdir. İki gün davam edən simpozium muğam sənətinə həsr olunmuşdur. Fürsətdən istifadə edib xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentimiz İlham Əliyevə , Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanıma minnətdarlığımı bildirir , tədbirin yüksək səviyyədə keçirilməsində yaxından iştirak edən hər bir kəsə təşəkkür edirəm. Azərbaycanın ən qədim sənət və mədəniyyət mərkəzlərindən biri olan Şəki orta əsr şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir. Şəhərimizin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Bu gün Şəki tarixi simasını saxlamaq şərti ilə yenidən qurulur, qədim və gözəl şəhərimizin küçələri, tarixi binaları, evləri bərpa edilir. Şəkiyə gələn hər bir qonaq sanki şəhərin qədim keçmişi ilə üzləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncamlar rayonumuzda turizmin inkişafında yeni bir mərhələnin başlanmasına təkan vermişdir.
Hər ilin yayında şəhərimizdə keçirilən “ İpək Yolu “ Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalır. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları , tanınmış teatr, musiqi, rəqs və folklor kollektivlərinin qatıldığı festival bizə həmişə xoş bayram ovqatı bəxş edib. Bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, musiqisevərlər etiraf edirlər ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır. Festival günlərində təşkil olunmuş konsert proqramları şəhər sakinlərinin dünyagörüşünün, musiqi mədəniyyətinin zənginləşməsinə mühüm təsir göstərir. Şəhərimizdə mütəmadi olaraq keçirilən beynəlxalq şirniyyat, teatr, zərb alətləri festivalları xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasında və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır. Görülmüş məqsədyönlü işlərin nəticəsində Şəki turistlər üçün daha da cəlbedici məkana çevrilmiş, son beş ildə rayona gələn turistlərin sayı yeddi dəfədən çox artaraq 200 min nəfərə çatmışdır.
Müddət ərzində şəhərimizin beynəlxalq səviyyədə də tanıdılması istiqamətində mühüm işlər görülür. Belə ki, Şəkinin xalq tətbiqi sənəti hər il Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunur. 2008-ci ildən Dünya Tarixi Şəhərlər Liqasının üzvü olan Şəki şəhəri 2016-cı ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilmiş, 2017-ci ildə isə YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmişdir. Hazırda Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi üçün iş aparılır. Bu məqsədlə 2018-ci il martın 29-da Şəki şəhərində YUNESKO-nun ekspertləri ilə şəhər rəhbərliyinin görüşü keçirilmişdir. Görüşdə layihə ilə bağlı fikir mübadiləsi aparılmış, gələcək planlar müzakirə olunmuş, Şəki şəhərinin tarixi hissəsində yerləşən mədəni irsin qorunması , ərazidə bərpa, yenidənqurma, konservasiya, təmir, yeni tikinti, abadlıq, bədii tərtibat işlərinə nəzarətin daha da gücləndirilməsi, mədəni irsə zərər vurulmasının qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur. Bu günlərdə Şəkidə səfərdə olan İtaliyanın Mədəni İrsin Araşdırma Mərkəzinin ekpertləri YUNESKO-nun ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya üzrə müvafiq sənədlər toplusunun yekun variantını hazırlamaq üçün Şəki şəhərinə səfər etmişlər. Şəki şəhər icra hakimiyyətində keçirilən görüş zamanı ekspertlər YUNESKO-nun Ümumdünya İrs Komitəsinin qərarının icrası ilə bağlı görülmış işlərdən razı qaldıqlarını bildirmişdilər. 2018-ci il noyabrın 27-də Şəki şəhəri ilə Xorvatiyanın Varajdin şəhəri arasında dostluq və əməkdaşlıq xartiyasının imzalanmışdır.
Malaziyanın Kuala Lumpur şəhərində 7-13 Fevral 2018-ci il tarixləri arasında keçirilən 9-cu “Dünya Şəhərlər Formu” çərçivəsində, YUNESKO-nun Mədəniyyət Sektorunun 12 Fevral 2018-ci il tarixində “Davamlı Şəhərlər üçün Yaradıcılıq; iqtisadi inkişaf, möhkəmləndirilmiş dayanıqlılıq və sosial əhatəlilik üçün mədəniyyətin gücləndirilməsi” mövzusunda təşkil edilən təlim tədbirində Şəki şəhər İcra Hakimiyyətinin əməkdaşı Yusif Məmmədov iştirak etmiş, Azərbaycanın Bolqarıstandakı səfirliyinin Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan növbəti, sayca 24-cü xeyriyyə bazarında şəhərimizin turizm potensialını nümayiş etdirimişdir.
Şəki şəhər icra hakimiyyəti tərəfindən Şəkinin turizm potensialının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görülür.
Mən sentyabrın 27-də Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edərək Şəki şəhərinin iqtisadi, turizm imkanları, mədəniyyəti haqqında məlumat vermiş, regionlar arasında əməkdaşlığın dərinləşdirilməsi üçün şəhərimizin geniş imkanlara malik olduğunu iştirakçıların diqqətə çatdırmışam. Həmçinin şəhərin turizm potensialını görmək və təcrübə mübadiləsi aparmaq üçün maraqlı tərəflər Şəkiyə dəvət olunmuş, Rusiyanın şirkətləri və biznes təşkilatları ilə fikir mübadiləsi aparılmışdır.
Müddət ərzində şəhərimizdə bir sıra nazirlik, idarə və komitələrin xətti ilə sosial-iqtisadi, ictimai-siyasi və mədəni sahələrin inkişafına xidmət edən regional müşavirələr, seminarlar keçirilmişdir.
Şəkinin 33 şəhər, kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2018-ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir. Əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.
2018-ci ildə Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 248 cinayət hadisəsi qeydə alınmış,onlardan 240 -nın açılması təmin olunaraq açılma faizi 98 faiz olmuşdur. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 35 fakt aşkar edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2018-ci ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə müvəffəqiyyətlə həyata keçirilmişdir. İl ərzində 646 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.
Yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunlarına həsr olunan konfransda çıxış edən cənab Prezidendimiz qeyd etmişdir ki, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həm Nazirlər Kabinetinin iclasında, həm də yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda səsləndirilmiş irad və qeydlər hər bir müəssisədə geniş müzakirə olunmalı , buraxılan nöqsanlar aradan qaldırılmalıdır. Şəhər icra hakimiyyətinə daxil olan müraciətlərin təhlili göstərir ki, bir sıra rəhbər şəxslər öz vəzifələrini və məsuliyyətlərini dərk edib ,fəaliyyətlərini günün tələbləri səviyyəsində qura bilmirlər. Bütün sahələr üzrə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli , dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır.
Hesab edirəm ki, hər bir məmur bu tələblərə ciddi şəkildə əməl etməli , vətəndaşların problemlərinə qayğı ilə yanaşmalı, öz davranışı , işi, mədəniyyəti ilə nümunə göstərməlidir.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki ,2018-ci ildə Şəki şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin ,yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş zərərlərin ,ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır . Məlumat üçün bildirim ki, son 7 ildə komissiya tərəfindən 918 nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 316 min 92 manat məbləğində maddi yardım göstərilmişdir.
2018-ci ildə 320 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş qrafikə əsasən yaşayış məntəqələrində səyyar qəbullar keçirilmiş, qəbullarda 2570 nəfərdən artıq rayon sakini iştirak etmişdir. Keçirilmiş qəbullarda 324 nəfər vətəndaş dinlənilmiş, səslənən irad və təkliflər qeydiyyata alınaraq icrası ilə bağlı tədbirlər görülmüş, həlli mümkün olmayan problemlərlə bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmışdır. Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 2733 müraciət daxil olmuşdur. Müraciətlərin 1544 ədədi vətəndaşlar tərəfindən, 1189 ədədi isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 252 ədədi müsbət, 36 ədədi qismən həll olunmuş, 1981 ədədi ilə bağlı müvafiq izahat verilmiş, 344 ədədi aidiyyəti və tabeli qurumlara göndərilmiş , 1 ədədi əsassız sayılmış, qalanları isə icradadır .
Azərbaycan Prepublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilmişdir. Bu münasibətlə il ərzində həm şəhərimizdə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunan geniş iclasında çıxış edən hörmətli Prezidentimiz demişdir: “ Mən əminəm ki, biz 2019-cu ildə də qarşımıza qoyduğumuz bütün vəzifələri icra edəcəyik. Bu il də ölkəmiz üçün uğurlu il olacaqdır ”.