Şriftin ölçüsü :

Saytın rəngi :

2024-cü ilin hesabatı

2024-cü ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

H E S A B A T

2024-cü il ölkəmiz üçün böyük uğurlarla yadda qaldı. Şübhəsiz ki, ilin ən mühüm siyasi hadisəsi fevralın 7-də keçirilmiş prezident seçkiləridir. Həmin seçkilər cəmiyyətimiz tərəfindən haqlı olaraq Zəfər seçkisi kimi qəbul edilir. Çünki fevralın 7-də müstəqil Azərbaycanın tarixində ilk dəfə respublikamızın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlarımız da daxil olmaqla ölkənin hər bir bölgəsində prezident seçkiləri keçirildi. Prezident İlham Əliyev seçkilərdə səslərin 92,12 faizini toplayaraq qələbə qazandı.

Şəkidə də AR Seçki Məcəlləsinə uyğun olaraq seçkiqabağı kütləvi tədbirlərin və namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün açıq və qapalı məkanlar müəyyən edilmiş, bütün seçki məntəqələrində  tərəfimizdən əvvəlcədən monitorinq aparılmış, seçkilərin yüksək səviyyədə və mütəşəkkil keçirilməsi, vətəndaşların rahat səsverməsi, komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti üçün seçki məntəqələri tam hazır vəziyyətə gətirilmiş, lazımi avadanlıq və texniki vasitələrlə təmin edilmiş, məntəqələrə gedən yollarda cari təmir işləri aparılmışdır. Şəkidə 123175 nəfər seçicinin 94236 nəfəri (76, 51 faiz) seçkidə iştirak etmiş,  seçicilərin 92,1 faizi cənab İlham Əliyevə səs vermişdir.

Seçkiləri müşahidə edən yerli və xarici müşahidə missiyaları bu siyasi kampaniyanın azad, demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan ediblər.

2024-cü ilin əlamətdar siyasi hadisələrindən biri də VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi olub. Bu seçkilər Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra ilk parlament seçkiləri idi. Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Milli Məclisə seçkilərdə Şəkidə 123543 nəfər seçicidən 44 159 (35,7 faiz) nəfər seçkidə iştirak etmişdir.

2024-cü ildə keçirilən beynəlxalq tədbirlərdən mahiyyətinə görə ən nüfuzlu və əhəmiyyətlisi BMT-nin İqlim Konfransı (COP29) oldu. 196 ölkədən 72 mindən çox nümayəndənin iştirak etdiyi sammitin məqsədi iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinin inkişafı məsələləri ilə bağlı olmuşdur.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.  "Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nına uyğun olaraq müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar müxtəlif konfranslar, dəyirmi masalar və seminarlar keçirilmiş, rayonun müxtəlif ərazilərində və magistral yolların kənarında yaşıllıqların artırılması məqsədilə ağacəkmə aksiyaları təşkil olunmuşdur. Aksiyalar zamanı 48,3 hektar sahədə 3000 ədəd eldar şamı, 3770 ədəd sərv, 1600 ədəd katalpa, 1800 ədəd akasiya, 6000 ədəd ağcaqayın, 2215 ədəd göyüş, 1540 ədəd çinar, 4000 ədəd tut  və 3650 ədəd ərik olmaqla, ümumilikdə 27525 ədəd ağac əkilmişdir.

2024-cü ildə Şəkidə sosial-iqtisadi sahədə bir sıra uğurlar əldə olunmuşdur. 2024-cü ildə müqayisəli qiymətlərlə məhsul buraxılışı 2023-cü il ilə müqayisədə 103,6 faiz təşkil etmişdir. O cümlədən, sənaye sahəsində məhsul buraxılışı 69849,9 min manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 277040,1 min manat, tikinti sahəsində 21957,3 min manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 10891,3 min manat, informasiya və rabitə sahəsində 7845,8 min manat, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 193361,0 min manat olmuşdur.

2024-cü ildə 441 yeni iş yeri açılmışdır. Açılmış 301 yeni iş yeri mövcud müəssisə və təşkilatların payına düşür.

Rayon üzrə bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 646,5 manat, o cümlədən, sənaye sahəsində 717,7 manat, tikinti sahəsində 561,8 manat, informasiya və rabitə sahəsində 685,9 manat, maliyyə və sığorta fəaliyyəti sahəsində 1729,7 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 1230,9 manat, digər sahələrdə xidmətlərin göstərilməsi sahəsində 953,4 manat  olmuşdur.

01 yanvar 2025-ci il tarixinə muzdlu işçilərin orta sayı 20343 nəfər olmuş və onların 784 nəfəri kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 640 nəfəri sənaye, 592 nəfəri tikinti, 3528 nəfəri ticarət, nəqliyyat vasitələrinin təmiri, 117 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 47  nəfəri turistlərin yerləşdirilməsi və ictimai iaşə, 280 nəfəri informasiya və rabitə, 175 nəfəri maliyyə və sığorta fəaliyyəti, 126 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 288 nəfəri peşə, elm və texniki fəaliyyət, 63 nəfəri inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1031 nəfəri dövlət idarəetməsi və müdafiə, sosial təminat, 7713 nəfəri təhsil, 2488 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1800 nəfəri istirahət, əyləncə incəsənət sahəsində fəaliyyət, 40 nəfəri isə digər xidmətlərin göstərilməsi sahələrində işləyənlər olmuşdur.

2024-cü il ərzində Şəki rayonu üzrə 19994 nəfər əmək pensiyaçısına xidmət göstərilib. Onlardan 13095 nəfəri yaşa, 5103 nəfəri əlilliyə, 1796 nəfəri ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır. Həmçinin, Şəki rayonu üzrə müavinət-təqaüd alan 16211 nəfər vətəndaşa xidmət göstərilmişdir.

2024-cü ilin məhsulu üçün 2023-cü ilin payızında 24063.7 hektarda buğda, 34172.4 hektarda arpa olmaqla cəmi 58236.1 hektar sahədə payızlıq taxıl səpinləri həyata keçirilmişdir.

2024-cü ildə rayonda 4528 ton quru tütün məhsulu istehsal edilmişdir. İstehsal olunan məhsulun 1386 tonu yerli sortlar,  3142 tonu isə Virciniya sortlarıdır. Yerli sortların hər hektarında məhsuldarlıq 42.0 sentner, Virciniya sortlarından isə orta hesabla 24.7 sentner təşkil etmişdir.

Hazırda rayonda 307 hektar üzüm sahəsi mövcuddur ki, onun da 305 hektarı barverən bağlardır. Həmin bağlardan 4122 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 135.00 sentner təşkil etmişdir.

Rayonun aqrar sahəsində aparıcı yerlərdən birini də heyvandarlıq təşkil edir. 01 oktyabr 2024-cü il tarixinə rayonda iri buynuzlu heyvanların sayı 53741 baş, o cümlədən inək və camışların sayı 28218 baş, qoyun və keçilərin sayı 141208 baş, quşların sayı 278519 baş, arı ailələrinin sayı 13561 ədəd olmuşdur.

Rayonda il ərzində 10136,9  ton ət, 53282,3 ton süd, 28285 min ədəd yumurta, 315,2 yun istehsal olunmuşdur. Əhalinin məşğulluğunda və gəlirlərinin artmasında önəmli rol oynayan heyvandarlığın dinamik inkişafı təmin edilir.

2024-cü ildə rayonda 8 nəfər fermer tərəfindən 86.6 hektar sahədə şəkər çuğunduru əkini həyata keçirilmişdir. Əkin sahəsindən cəmi 2985.7 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 344.77 sentner təşkil etmişdir.

Rayonda əsasən fərdi təsərrüfatlarda olmaqla 386 hektar sahədə paxlalılar (lobya, noxud) əkilmişdir. Həmin sahələrdən orta hesabla hər hektardan 17.1 sentner olmaqla  660.1 ton məhsul istehsal edilmişdir.

415 hektar sahədə dən məqsədilə qarğıdalı səpilmiş, hektardan 52.1 sentner olmaqla cəmi 2162.3 ton məhsul istehsal edilmişdir.

Rayonda 2024-cü ildə 774.5 hektar sahədə tərəvəz, 180.5 hektar sahədə bostan və 660 hektar sahədə kartof əkilmişdir. Həmin sahələrdən müvafiq olaraq 249.4 sentner, 171.6 sentner, 150.6 sentner olmaqla cəmi, 22416.8 ton bostan-tərəvəz, 9939.8 ton kartof məhsulu istehsal edilmişdir.

Rayon üzrə 7818.3 hektar sahədə meyvə bağları mövcuddur ki, bundan da 4835.1 hektarı bar verən bağlardır. Son illərdə intensiv meyvə bağlarının əkin sahəsi çoxalmışdır. Bar verən meyvə bağlarından 2024-cü ildə hər hektardan orta məhsuldarlıq 50.5 sentner olmaqla ümumi 24396.0 ton məhsul istehsal olunmuşdur.

2024-cü ildə 42.7 ha ərazidə  Aşağı Göynük, Cunud, Aşağı Şabalıd, Bideyiz, Qayabaşı, Baş Küngüt, Orta Zəyzid  kəndləri  ilə həmsərhəd meşə ərazilərində meşə əkinləri salınmışdır.  Küngüt meşəbəyliyinin ərazisində 0.5 ha tinglik sahəsində qoz, cökə, ağcaqayın, göyrüş, sərvi, tut, qarağac və s. cinslərdən hazırlanmış toxumlar səpilmişdir. Mövcud meşə əkinlərinə aqrotexniki xidmət aparılmışdır.

2024-cü  il ərzində 5068  m3 oduncaq hazırlanmış, hərbi hissələrə, təhsil ocaqlarına, uşaq bağçalarına, vətəndaşlara pulu ödənilmə  şərtilə satılmışdır.

Hesabat dövründə təhsil sistemində tədris, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanmışdır.  2023-2024-cü tədris ili Şəki  təhsili üçün  əvvəlki illə müqayisədə daha uğurlu olmuşdur. 2023-2024-cü tədris ilində orta məktəbləri bitirmiş 1950 şagirddən 911-i və ya 46,7%-i (əvvəlki ilə nisbətdə 54 nəfər çox) ali məktəblərə qəbul olmuşdur ki, bundan 71 nəfər 600-dən (əvvəlki ilə nisbətdə 41 nəfər çox), 20 nəfər 650-dən artıq, 1 nəfər isə 700 bal toplamışdır. 2023-2024-cü tədris ilində Respublika Fənn Olimpiadalarının  rayon mərhələsində 1441 nəfər iştirak etmiş, finala vəsiqə qazanan 37 nəfər şagirddən 17-si medal qazanmışdır (1 qızıl, 5 gümüş, 11 bürünc medal). “Zəfər” Respublika Yaradıcılıq Festivalında iştirak edən 14 nəfər Şəki məktəblisi müxtəlif nominasiyalar üzrə zona qalibi olmuşdur. 2024-cü ilin payızında Şəki şəhər 18 nömrəli tam orta məktəbin köhnə binası sökülmüş və sökülən binanın yerində yeni 720 yerlik məktəb binası tikilir. İndiyədək tikintinin təməl-bünövrə işləri  aparılmışdır.

Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2024-cü ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür.

2024-cü ildə  bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur.

Hər il keçirilən və artıq ənənə şəklini alan “İpək Yolu“  Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb.  Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları, gözəl ifaçıların qatıldığı festival bizə həmişə  xoş bayram ovqatı bəxş edib. “İpək yolu”  Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. 2024-cü ildə 13-cü dəfə keçirilən festivalda da  tanınmış musiqi kollektivləri iştirak etmiş, musiqisevərlər, şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi olmuşdur. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Rusiya, İndoneziya, Hindistan, TÜRKSOY ölkələrindən gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak ediblər. İyulun 5-də başlanan və üç gün davam edən Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatmışdır. İyulun 6-da isə Şəkidə “Şəhər günü” bayram tədbiri keçirilib. Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan bayram tədbirinin proqramı maraqlı və rəngarəng olub. “Şəhər günü”nün Şəkidə “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərə təsadüf etməsi sakinlərin bayram sevincinə əlavə rəng qatıb.

2024-cü il dekabr ayının 1-dən 5-dək AR Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunmuş IV Şəki Beynəlxalq Teatr Festivalı keçirilib. Festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan və Özbəkistandan gələn tanınmış teatr kollektivləri də iştirak ediblər. Ölkəmiz bu festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı ilə təmsil olunub.

Müddət ərzində, həmçinin görkəmli bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi, İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə sərgi və konsert proqramı, 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə regionda çalışan gənc müəllimlərlə görüş, "Yaradıcı Gənclər" İB təşkilatçılığı ilə "Gənc sənətkarların əl işi sərgisi” adlı layihə çərçivəsində sərgi, "Yaddaş" Maarifçi Gənclər İB-nin təşkilatçılığı ilə “BiznesdəSən” Gənclər arasında özünüməşğulluğun stimullaşdırılması”  adlı layihə çərçivəsində maarifləndirici tədbir, Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş toplantı, Novruzun ilk çərşənbəsi olan "Su çərşənbəsi" ilə əlaqədar tədbir, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları arasında şahmat turniri, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının təsis edilməsinin 31 illiyi münasibətilə tədbir, “Urfansoy Film” studiyası tərəfindən çəkilmiş və yanğınsöndürənlərin şücaətindən bəhs edən “Alovla savaşanlar” adlı qısametrajlı filmin təqdimatı, Şəki Şəhər İcra Hakimiyyəti ilə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə 27 mart – Elm Gününə həsr olunmuş elmi-praktiki konfrans, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101 ildönümü münasibətilə Şəkidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2024” turniri, TƏBİB, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın təşkilatçılığı ilə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti aylıq konfransı, 25 aprel - “Sahibkarlar günü” münasibətilə sahibkarlarla görüş, Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə "Rəqsin ürəyi Şəkidə döyünür" adlı konsert, Şəki şəhər uşaq incəsənət məktəbinin 85 illiyinə həsr olunmuş yubiley tədbiri, Şəki Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəki Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı yubiley tədbiri, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində uşaqların iştirakı ilə görüş, AR Dövlət Turizm Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən birgə icra olunan “Azərbaycanın regionlarında davamlı turizmin inkişafına dəstək” layihəsi çərçivəsində Şəki, Qax və Zaqatala rayonlarını əhatə edən şimal-qərb regionu üzrə “Turizm Destinasiyalarının İdarəetmə Planı”nın hazırlanmasına həsr olunmuş tədbir, Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə “Azərbaycanda Merlər Razılaşması və İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri regional layihələrin icrasına dəstək” layihəsi çərçivəsində təlim, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin göstərişinə əsasən Şəki Tibb Kolleci tərəfindən “İlkin tibbi yardım – İkinci həyata addım” adlı maarifləndirici aksiya, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 28 may - Müstəqillik Gününə həsr olunmuş bayram tədbiri, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bayram tədbiri, Şəki Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumşəhər tədbiri, Şəki Şəhər İcra Hakimiyyəti və SHXÇDX-nin Şəki rayon şöbəsinin təşkilatçılığı ilə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə çağırış yaşlı gənclərlə görüş, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan bölməsi” İctimai Birliyinin təşkilatçılığı ilə "Həssas əhali qrupuna aid olan qadın və gənclərin sosial hüquqlarının müdafiəsi” adlı layihə çərçivəsində maarifləndirici görüş, “Konstitusiya” Araşdırmalar Fondunun təşkilatçılığı ilə “İctimai iştirakçılıq bacarıqlarının artırılması” və “Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzularında təlimlər, “Hüquqi Tədqiqatlar”  İB təşkilatçılığı ilə “Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində görüş, Vətən Müharibəsi şəhidi Səbuhi İsgəndərlinin xatirəsinə həsr olunmuş “Yaralı çınar”  adlı sənədli filmin təqdimatı, "İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin təşkilatçılığı ilə "Mikrosahibkarlıqda innovativ həllər” layihəsi çərçivəsində təlim, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “KOB Fest” sərgi-satış yarmarkası, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan kəlağayılarının təbliği” layihəsi çərçivəsində ədəbi-bədii gecə, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “İnsan alveri və işgəncələr” adlı layihə çərçivəsində görüş, lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olan Bəxtiyar İdrisova həsr edilən "Bəxti Yarım" sənədli filminin təqdimatı, Şəki Rayon Ağsaqqallar Şurasının hesabat konfransı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mərkəzi Seçki Komissiyası ilə birgə təşkil etdiyi “Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi” mövzusunda görüş, “Ekoloji Maarifçilik və Monitorinq” İB tərəfindən “Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi çərçivəsində görüş, 27 sentyabr - “Anım günü” ilə əlaqədar tədbir, Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti” mövzusunda tədbir, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Türk Cumhuriyyətləri Oftalmoloji Dərnəyinin birgə təşəbbüsü ilə 2-ci Beynəlxalq Oftalmoloji Simpozium, 8 Noyabr - Zəfər Gününə həsr olunan rəsmi yığıncaq və bədii-musiqili tədbir, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə  “Səyyar Sağlam Həyat” adlı kütləvi idman tədbiri, Görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist, pedaqoq Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmiş, 8 mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə şəhid ailələri üçün bayram süfrəsi, Şəki Şəhər İcra Hakimiyyəti, “Marsol” qrup və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının təşkilatçılığı ilə Ramazan ayı münasibətilə şəhid ailələri üçün iftar süfrəsi, Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar şəhid ailələrinin üzvlərinin, müharibə veteranlarının, aztəminatlı ailələrin üzvlərinin iştirakı ilə ehsan mərasimi, AR Gənclər və İdman Nazirliyi, AR Gənclər Fondu və Enactus Azərbaycan təşkilatının birgə təşkilatçılığı ilə “Enactus yaz məktəbi”, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İB təşkilatçılığı, AR Gənclər Fondunun və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Gənclərin Məşğulluq Məktəbi-2” adlı düşərgə, "Azərbaycan-Gürcüstan gənclərinin yay düşərgəsi təşkil olunmuş, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe, "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində “Fire Land Production”nun təşkilatçılığı ilə respublikanın şəhər və rayonlarından olan bir qrup şəhid valideyni Şəki şəhərinə səfər etmiş, Şəki rayon prokurorluğunun yeni inzibati binasının açılışı olmuşdur.                   Şəki Elektrik Şəbəkəsi tərəfindən 2024-cü il ərzində rayonun fasiləsiz elektrik enerjisi ilə təminatı sahəsində bir sıra işlər görülmüşdür. Müddət ərzində 35/10 kV-luq  SAS yarımstansiyasında 4 mVA gücündə olan transformator 10 mVA gücündə, 35/10 kV-luq  Zəyzid yarımstansiyasında 2,5 mVA gücündə olan transformator 4 mVA gücündə olan transformatorla əvəz olunmuşdur. 6/10 kV-luq EVX-ləri üzrə 71 km məsafədə əsaslı və cari təmir işləri görülmüş, 166,2 km məsafədə EVX-nın mühafizə zonası yaşıl kütlədən təmizlənmiş, 196 dayaqarası boş naqillər taramlanmışdır. Təmir işləri ilə əlaqədar 80 ədəd yeni dayaq quraşdırılmış, 33 ədəd istismara yararsız dayaq istismara yararlı dayaqlarla, 48 ədəd istismara yararsız izolyator istismara yararlı izolyatorlarla əvəz olunmuş, 832 ədəd dayaq rənglənmişdir. 0.4 kV-luq EVX-lər üzrə 58.12 km məsafədə əsaslı və cari təmir işləri görülmüş, 159.1 km məsafədə EVX-nın mühafizə  zonası yaşıl kütlədən təmizlənmiş, 210 dayaqarası boş naqillər taramlanmışdır. Təmir işləri ilə əlaqədar 30 ədəd yeni dayaq quraşdırılmış, 96 ədəd istismara yararsız dayaq istismara yararlı dayaqlarla əvəz olunub, 341 ədəd dayaq rənglənmişdir. 110/35/10 kV-luq Cəfərabad yarımstansiyasından çıxan 10 kV-luq Aydınbulaq h/x-nın Təpəcənnət budaqlanmasında PSO markalı naqillər yeni AC-35 markalı naqillə əvəz olunmuş və bu məqsədlə 58 ədəd yeni dayaq, 80 ədəd izolyator quraşdırılmış, 4 km məsafəyə yeni AC-35 markalı naqil çəkilmişdir. 110/35/10 kV-luq Baş Göynük h/x-nın Şin budaqlanmasında yenidənqurma işləri ilə əlaqədar  2.28  km məsafəyə AS-35 markalı yeni naqil çəkilmiş, 45 ədəd izolyator quraşdırılmışdır. 195 ədəd  6(10)0,4 kv-luq TM və KTM-də cari təmir işləri aparılmış, 6 ədəd KTM-də şəbəkənin daxili imkanları hesabına əsaslı təmir işləri aparılmışdır. Texniki şərt əsasında abonentlərin elektrik enerjisi ilə təchizatının təmin edilməsi məqsədi ilə 93 ədəd yeni 0.4 KV-luq dayaq quraşdırılmış, 4.069 km məsafədə SİP kabel, 5.661 km məsafəyə abonent xətti çəkilmiş, 288 ədəd yeni elektrik sayğacı quraşdırılmışdır.

Zaqatala Regional Qaz İstismar İdarəsinin Şəki xidmət sahəsi tərəfindən rayon ərazisində və kəndlərdə il ərzində 2058 qaz sızması aşkar edilərək ləğv edilmişdir. 2024-cü ildə 6277 ədəd  qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Xidmət sahəsi tərəfindən razılıq məkublarına əsasən 4 şəhid ailəsinin, 11 müharibə iştirakçısının müraciəti əsasında qaz xətlərinin yeri dəyişdirilib, bir şəhid ailəsinin və bir müharibə iştirakçısının müraciətləri əsasında fərdi evləri qazlaşdırılmışdır. Şəki-Cəfərabad dairəvi orta təzyiqli d-273 mm-lik qaz xətti 1370 p/m məsafədə, d-325 mm-lik qaz xətti 130 p/m məsafədə rənglənmiş, Daşüz kəndində d-219 mm-lik orta təzyiqli daşıyıcı qaz xətti 3000 p/m məsafədə 250 ədəd beton dayaqlar üzərinə qaldırılaraq normal vəziyyətə gətirilmişdir. Abadlıq işləri ilə əlaqədar şəhərin ərazisində d-159 mm-lik qaz xətti 200 p/m məsafədə dayaqlar üzərinə qaldırılmış, 5.6 p/m hissəsinin yeri dəyişdirilmiş və qaz xətti normal vəziyyətə gətirilmişdir. Qaz tənzimləyicilər qrafikə əsasən 4607 dəfə tənzimlənmiş, 1339 ədəd siyirtməyə texniki qulluq edilmiş, 549 ədəd sayğacın yivli birləşmələri ləğv edilmişdir. Qeyri-yaşayış və küçə qaz xətti üçün 68 ədəd texniki şərt verilmiş, 222 müraciət əsasında Fövqəladə Hallar Nazirliyinə  rəy verilmişdir. “ASAN Xidmət” kommunal mərkəzinə fərdi evin qazlaşdırılması üçün daxil olmuş müraciətlər əsasında 146 ədəd texniki şərt üçün sxemlər çəkilmişdir. Təbii qazdan təhlükəsiz istifadə ilə bağlı 38875 abonentin ünvanında texniki müayinə keçirilmişdir.

Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2024-cü il ərzində 16379 əhali abonentinə, 727 qeyri-əhali abonentinə xidmət göstərilmişdir. Şəki rayonu üzrə əhalinin içməli su ilə təmin olunması üçün mənbədən 2865176 m3 su qəbul edilmiş və zərərsizləşdirilərək əhaliyə verilmişdir. İl ərzində su şəbəkəsində 404, kanalizasiya xəttində 359 qəza halı baş vermiş və tez bir zamanda aradan qaldırılmışdır. Əhalinin içməli su təminatı ilə bağlı "ASAN Xidmət" mərkəzinə edilmiş 189 müraciətə əsasən texniki şərt verilmişdir. 2024-cü il ərzində 669 abonent ilk dəfə su ilə təmin olunmuş, bundan 498 abonent mexaniki tipli su sayğacı ilə təmin olunmuşdur. Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində müxtəlif diametrli 4262 p/m su, 3423 p/m kanalizasiya xəttinin podratçı təşkilat tərəfindən tikintisi yerinə yetirilmişdir. Ümumi həcmi 19500 m3 olan su anbarları yuyularaq dezinfeksiya olunmuşdur. İrriqasiya sahəsi üzrə mənbələrdən 113736 mln m³ su qəbul edilmiş və 80227 ha əkin və həyətyanı sahələrin suvarılmasına 90123 mln m³ su verilmişdir. 2024-cü il ərzində 14 hidrotexniki qurğuda, 3 mülkü və istehsalat binalarında, 1 nasos stansiyasında, 43 ədəd mexaniki və elektrik avadanlıqlarında, 109 subartezian quyularında cari təmir işləri aparılmışdır. Təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanallarında lildən təmizləmə işləri aparılmışdır. Çay məcralarında təmizləmə işləri, həmçinin mühafizə bəndlərində cari təmir işləri aparılmışdır. 800 p/m su borusunda əsaslı təmir işləri, 1300 p/m su borusunda cari təmir işləri aparılmışdır.

“Aztelekom” MMC-nin Şimal-Qərb Regional Filialının Şəki Şöbəsi tərəfindən Şəki rayonda genişzolaqlı xidmətlərdən istifadənin keyfiyyətinin artırılması məqsədilə yeni texnologiyaların tətbiqi ilə şəbəkələrin genişləndirilməsi layihələrinin icrasının başa çatdırılması üçün  tikinti-quraşdırma işləri sürətləndirilmişdir. İstifadəyə verilən GPON şəbəkələrində mərkəzi serverlə etibarlı əlaqənin təmin olunması məqsədilə, 27 şərti ərazidə təsdiq olunmuş eskiz-layihələrə uyğun olaraq, fiber-optik magistral birləşdirici xətlərin çəkilməsi təmin olunmuşdur. Nəticədə rayon ərazisində daxili xətt şəbəkələri və magistral optik kabel infrastrukturu tamamilə yenilənmişdir. GPON şəbəkələrinin istismarında  effektivliyin təmin olunması məqsədilə rayonun Aşağı Göynük, Aşağı Küngüt, Aydınbulaq, Bolludərə, Baş Küngüt kəndlərində çöl tipli Optik Xətt Terminalları (OLT) quraşdırılmış, Şəki rayonu üzrə OLT-lərin ümumi sayı 14-ə çatdırılmışdır.  Bununla da Şəki rayonu ərazisində “Fiber-optik xətt şəbəkələrinin genişləndirilməsi” layihəsi müvəffəqiyyətlə yerinə yetirilmışdir. 2024-cü ilin sonuna mövcud istifadəçilərin 85%-nin fiber-optik şəbəkəyə qoşulması həyata keçirilmişdir. Şəki rayonun ərazisində icrasına 2021-ci ilin avqust ayında başlanmış və 2024-cü ilin iyun ayında başa çatdırılmış “Fiber-optik şəbəkələrin genişləndirilməsi” layihəsinin  yekununda GPON şəbəkələrinin ümumi montaj tutumu 75008 porta çatdırılmışdır.

Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən müddət ərzində xidməti ərazilərdən, əhalidən, kommersiya-ticarət strukturlarından, müəssisə-təşkilatlardan, parklardan və s. ümumilikdə 63596 m3 həcmində tullantı yığılaraq daşınmış, şəhərin ayrı-ayrı hissələrində yaşıllıq zolaqlarına  və işıqlanma sistemlərinə xidmət olunmuşdur.

“12 №-li Yol İstismarı” MMC-nin xidmət etdiyi respublika və yerli əhəmiyyətli avtomobil yollarında 2024-cü ilin yanvar-dekabr ayları ərzində 1680.3 min manatlıq təmir işləri görmüşdür.

05.02.2024-cü il tarixində rayonun Turan qəsəbəsində 4 ailənin yaşadığı, 2 mərtəbəli, 16 otaqdan ibarət ictimai yaşayış binası, baş vermiş yanğın nəticəsində tamamilə yanaraq yararsız hala düşdüyündən, şəhər icra hakimiyyətinin sifarişi əsasında hazırlanmış layihə-smeta sənədlərinə uyğun olaraq tikinti işləri aparılmış, binanın dam örtüyü tam yenilənmiş, daxili və xarici divarlar suvanmış, döşəmə, tavan, pilləkən qəfəsləri, qapı və pəncərələr yenilənmiş, işıqlanma, su kanalizasiya və istilik sistemləri yenidən qurulmuş, malyar və digər təmir-bərpa işləri görülərək bina sakinlərin istifadəsinə verilmişdir. 2024-cü il ərzində Şəki şəhərində aparılan abadlıq işləri zamanı 644 m uzunluğunda suötürücü arxlar qurulmuş, 990 m2 yeni fərş örtük döşənmiş, 430 mfərş örtük bərpa olunmuş, 1586 m2  piyada yolları beton tamet tavalar döşənməklə təmir edilmiş, bir avtobus dayanacağı əsaslı təmir olunmuş və bir yeni avtobus dayanacağı quraşdırılmışdır. Baş Layısqı kənd İƏD üzrə nümayəndəliyin inzibati binasının dam örtüyün əsaslı təmir olunmuş, Şəki kənd  İƏD üzrə nümayəndəliyin inzibati binasında təmir işləri görülmüşdür.

Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə ümumilikdə 3191 vətəndaş müraciəti daxil olmuş, onlardan 2930 ədədi ərizə, 259 ədədi şikayət, 2 ədədi təklifdir. Müraciətlərin 2495 ədədi birbaşa vətəndaşlar tərəfindən daxil olmuş, 696 ədədi isə vətəndaşlar tərəfindən yuxarı dövlət orqanlarına və digər qurumlara ünvanlanan, baxılmaq üçün Şəki Şəhər İcra Hakimiyyətinə göndərilmiş müraciətlərdir. Yuxarı orqanlardan daxil olmuş müraciətlərin 34,05 faizi və ya 237 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından göndərilmişdir ki, onlardan 11 müraciətin nəzarətə götürülməsi nəzərə alınaraq ətraflı araşdırılmış, Prezident Administrasiyasına və vətəndaşlara cavablar göndərilmişdir. Ümumilikdə, il ərzində daxil olan müraciətlərin 918 ədədi müsbət cavablandırılmış, 1861 ədədinə müvafiq izahat verilmiş, 2 ədədinə izah olunmuşdur ki, onların müraciətlərində qaldırılan məsələnin icrası dövlət proqramı və digər layihələrdə nəzərdə tutulmuş, 382 ədədi baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmiş, 18 ədədi baxılmamış saxlanılmış, 8 ədədi qismən təmin edilmiş, geri qalanı isə icradadır.

Daxil olmuş müraciətlər əsasən mənzillə təmin olunma, maddi yardım göstərilməsi, fərdi yaşayış evlərinin tikintisi və təmiri, evlərin, mənzillərin, torpaqların rəsmiləşdirilməsi, yaşayış binalarının və mənzillərin təmiri, təbii fəlakətlər, sosial yardım və müavinətlər, işlə təmin olunma, tibbi xərclərin qarşılanması və s. ilə bağlı olmuşdur.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu məsələlərinə diqqət artırılaraq əhalinin məlumatlandırılması üçün rayonun mətbuat orqanlarında qəbul günlərinin qrafiki dərc olunmuş və qəbulun təşkili prosesi təkmilləşdirilmişdir. Müddət ərzində icra hakimiyyətinin başçısı tərəfindən 148 nəfər vətəndaş inzibati binada qəbul edilmiş, kənd və qəsəbələrdə keçirilən 46 səyyar qəbullar zamanı 307 nəfər dinlənilmiş, 348 məsələ qaldırılmış, həlli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan müraciətlərin 40%-i öz həllini tapmışdır. Geriyə qalan məsələlər isə aidiyyəti üzrə baxılması üçün müvafiq qurumlara göndərilmişdir.

Respublikada vətəndaş məmnuniyyətinə göstərilən diqqət və qayğının nəticəsində 2022-ci ildə istifadəyə verilən “Rəqəmsal İcra Hakimiyyəti İnformasiya Sistemi” vasitəsilə ümumilikdə 24192 müraciət daxil olmuşdur. Onlardan 10290 ədədi xidmətlər, 13252 ədədi müraciətlər, 32 onlayn, 601 yerində olmaqla 633 ədədi vətəndaş qəbulu, 17 ədədi isə elektron iştirakçılıq bölməsinə aid olmuşdur. Bütün müraciətlər qanunamüvafiq şəkildə cavablandırılmışdır.

Prezident Administrasiyasının “Vətəndaşların Qəbulu Mərkəzi” tərəfindən təqribən 26 nəfərə yaxın vətəndaş onlayn qaydada qəbula yazılmış, müraciətləri Mərkəz tərəfindən icraata verilmişdir.

Vətəndaş müraciətlərində mütərəqqi həll vasitələrinin tətbiq edilməsi, əsasən ictimai infrastruktur sahəsində problemlərin həllini məqsəd tutan “ASAN Müraciət” sistemi vətəndaşların istifadəsinə verilmişdir. Sistem vətəndaşların istifadəsinə verildiyi tarixdən indiyədək cəmi 32 müraciət daxil olmuş, 23-nün icrası təmin edilmiş, 8-nə dövlət proqramının icrası zamanı baxılacağı üçün hələlik təmin edilməmiş, 1-i isə hazırda icra edilməkdədir.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilən tapşırıq və tövsiyələrə uyğun olaraq müraciətlərə daha ətraflı yanaşılması təmin edilmiş, şikayətlərin yaranmasına səbəb olan nöqsanların təhlili, narahatçılıq doğuran amillərin müəyyənləşdirilməsi və onların aradan qaldırılmasına diqqət artırılmış, normativ hüquqi aktların tələblərinə ciddi əməl olunmasına nəzarət gücləndirilmişdir.

Xüsusilə qeyd etmək istəyirik ki, daxil olan fərdi yaxud kollektiv şikayətlərin əksəriyyətinin həllinin birbaşa yerli icra hakimiyyətinin səlahiyyətləri daxilində olmadığı müəyyən edilmişdir.

Keçidlər