Fəaliyyətə dair illik hesabatlar
2025-ci ilin hesabatı
2025-ci ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair
H E S A B A T
Azərbaycan tarixinə daha bir uğurlu il kimi daxil olan 2025-ci il mühüm hadisələrlə zəngin olmuşdur. Yola saldığımız ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında müsbət dəyişikliklər baş vermişdir.
Ötən il bizim üçün ən mühüm hadisə Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlənilən sülh istiqamətində müsbət nəticələrin əldə edilməsi oldu. 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin böyük qələbəsi idi.
Ötən il Zəngəzur dəhlizi ilə bağlı ciddi addımların atılması ölkəmiz üçün iqtisadi sahədə ən mühüm proseslərdən biri oldu. Azərbaycanın D-8 beynəlxalq təşkilatına üzv olması, Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçilməsi 2025-ci ildə əldə etdiyimiz tarixi uğurlardır.
Azərbaycanda ötən ili əlamətdar edən digər mühüm hadisə dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi olmuşdur. Bu addım mühüm siyasi-ideoloji çağırış kimi il boyu aktual oldu və bundan sonra da öz aktuallığını qoruyacaqdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən bütün ölkədə olduğu kimi, Şəki şəhərində də müxtəlif tədbirlər - forumlar, dəyirmi masalar, konfranslar keçirilmiş, sərgilər, müxtəlif müsabiqələr təşkil olunmuşdur. Həmçinin, mağistral yolların kənarında və şəhər ərazisində müvafiq poster və bannerlər yerləşdirilmiş, şəhərin mərkəzində yerləşən monitorda videoçarxlar nümayiş etdirilmiş, rayon ərzisində iki küçəyə yeni ad verilmişdir. İl çərçivəsində rayonun müxtəlif ərazilərində yaşıllıqların artırılması məqsədilə Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyaları keçirilmişdir. Aksiyalar zamanı ümumilikdə 2540 ədəd ağac və 180 ədəd dekorativ kol əkilmişdir.
Ötən il biz Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü böyük təntənə ilə qeyd etdik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində demişdir: "Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuz illik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik. Bu il Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi”.
Vətən Müharibəsində tarixi Qələbənin 5-ci ildönümü Şəkidə də təntənəli şəkildə qeyd olunmuşdur. Bu münasibətlə Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə rəsmi yığıncaq təşkil olunmuş, tarixi Zəfərimizə həsr olunmuş bədii-sənədli film nümayiş etdirilmiş, ağacəkmə aksiyası, “Zəfər palitrası” adlı rəsm sərgisi keçirilmişdir. Noyabr ayının 8-də Şəki Şəhər İcra Hakimiyyətinin və “Kanal S” televiziyasının birgə təşkilatçılığı ilə Bayraq Meydanında möhtəşəm konsert proqramı təşkil olunmuşdur. Bayram tədbiri atəşfəşanlıqla yekunlaşmışdır.
Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, müharibə əlillərinə və veteranlara yüksək diqqət və qayğı hər zaman dövlətimizin əsas prioriteti olub. Şəhərimizdə bu kateqoriyadan olan insanlar dövlət qayğısı ilə əhatə olunmuş, onların sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanmış, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Hesab edirəm ki, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə yaradılan “Hərbi Şöhrət Zalı”nın gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində böyük rolu olacaq.
2025-ci il Böyük Qayıdış proqramı çərçivəsində ən uğurlu illərdən biri kimi tarixə düşmüşdür. Ötən ildə azad olunan ərazilərin 29 yaşayış məntəqəsinə - 7 şəhər, 19 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilmişdir.
Ötən ilin ən mühüm idman hadisəsi ölkəmizdə III MDB Oyunlarının keçirilməsi olmuşdur. Bu idman yarışı Azərbaycanın yüksək ev sahibliyi ilə tarixə yazılmışdır. Sentyabrın 28-də start götürüb oktyabrın 8-dək davam edən III MDB Oyunları qədim Gəncə şəhəri ilə yanaşı Şəki, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir və Xankəndidə 8 idman növü üzrə keçirilmişdir. Səkkiz ölkədən 1846 idmançının qatıldığı bu mötəbər yarış Azərbaycan dövlətinin idmana verdiyi yüksək dəyərin, beynəlxalq nüfuzunun və təşkilatçılıq bacarığının göstəricisi oldu. III MDB Oyunları çərçivəsində Şəki şəhərində 3 idman növü - bədii gimnastika, batut gimnastikası və çövkən oyunları üzrə yarışlar iki məkanda - Şəki Olimpiya İdman Kompleksində və Şəki şəhər stadionunda keçirilmişdir. Qeyd edək ki, III MDB Oyunları çərçivəsində yarışlar Şəki şəhərində yüksək səviyyədə təşkil olunmuşdur.
2025-ci il, həmçinin, ölkə üzrə keçirilən bələdiyyə seçkiləri ilə əlamətdar olmuşdur. Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Şəkidə seçici siyahılarının Seçki Məcəlləsinə uyğun dəqiqləşdirilməsi işləri yerinə yetirilmişdir. Bütün seçki məntəqələrində tərəfimizdən monitorinqlər aparılmış və məntəqələr tam hazır vəziyyətə gətirilmiş, lazımi avadanlıq və texniki vasitələrlə təmin edilmişdir. Namizədlərin seçicilərlə görüşü üçün 71 yaşayış məntəqəsi üzrə 71 açıq və 46 qapalı yer müəyyən edilmişdir. 29 yanvar 2025-ci il tarixdə keçirilən bələdiyyə seçkiləri uğurla başa çatmışdır. Şəkinin 1 şəhər, 1 qəsəbə və 15 kənd bələdiyyəsinə 195 bələdiyyə üzvü seçilmişdir. Bələdiyyə üzvlərinin 105 nəfərini gənclər təşkil edir. Seçilənlər arasında qadınların sayı 90 nəfərdir.
Azərbaycanda əhalinin sosial rifah halının davamlı şəkildə yüksəldilməsi dövlətin daim diqqətindədir. Prezident cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində demişdir: "Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır."
Sosial müdafiənin gücləndirilməsinin əsas şərti iqtisadi inkişafdır. 2025-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün faktlara nəzər salaq.
Ötən il istehsalın əsas sahələrində ilkin hesablamalara görə 502 min 811 min manatlıq məhsul buraxılmışdır.
Hal-hazırda Şəkidə investisiya layihələrinin ümumi həcmi 66 milyon 444 min manatdır. 2025-ci il ərzində investisiya qoyuluşunun dəyəri isə 3 milyon 549 min manat təşkil etmişdir.
Hesabat ilində 298 yeni iş yeri açılmışdır ki, onlardan 257 yeni iş yeri mövcud, 41 iş yeri isə yeni yaradılmış müəssisə və təşkilatların payına düşür. Rayon üzrə bir işçiyə düşən orta aylıq əmək haqqı 698,1 manat təşkil etmişdir. Ötən il muzdlu işçilərin orta sayı 19.519 nəfər olmuşdur.
2025-ci ildə Şəkidə əmək haqların, pensiyaların və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. Müddət ərzində 20.201 nəfər əmək pensiyaçısına xidmət göstərilmişdir. Onlardan 13.203 nəfəri yaşa, 5.061 nəfəri əlilliyə, 1.903 nəfəri ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır. Hesabat dövründə, həmçinin, Şəki rayonu üzrə müavinət-təqaüd alan 16.690 nəfər vətəndaşa xidmət göstərilmişdir.
2025-ci ildə rayonumuzda kənd təsərrüfatı sahəsində məhsul istehsalının artırılması, taxılçılığın, heyvandarlığın, tütünçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
Rayonumuzun əkinçiliyində taxılçılıq geniş inkişaf edən sahədir. Bu il rayonumuzda 59939 hektar payızlıq taxıl əkinlərindən 171262 ton məhsul yığılmışdır ki, bu da ötən ilin istehsalından 19698 ton çoxdur. Bu il istehsal olunan taxılın 61 min tonunu ərzaqlıq buğda təşkil etmişdir.
2025-ci ilin payızında 2026-cı ilin məhsulu üçün rayonda 59802 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir ki, onunda 18.650 hektarını buğda, 41.152 hektarını isə arpa əkinləri təşkil etmişdir. Taxıl əkinlərində aparılan aqrotexniki qulluq işləri nəticəsində əldə edilən bitişin vəziyyəti göstərir ki, 2026-cı ildə də taxıl istehsalçılarımız taxıl sahələrindən bol məhsul əldə edəcəklər. Əldə olunan nailiyyətlər deməyə əsas verir ki, rayonumuzun taxıl istehsalçıları dövlət başçımızın qarşıya qoyduğu vəzifələrin içrasına sədaqətlə çalışırlar.
Rayonumuzun əkinçiliyndə aparıcı sahələrdən birini də tütünçülük təşkil edir. Şəki həm tütün əkininə, həm quru tütün istehsalına və həm də hər hektardan orta məhsuldarlığa görə respublikamızda birinci yeri tutur. 2025-ci ildə rayonumuzda 1.805,5 hektar sahədə tütün əkini həyata keşirilmiş və sahələrdən 5.418.4 ton quru tütün istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilmişdir. 2024-cü ilə nisbətən 2025-ci ildə rayonda tütün əkin sahəsi 204,5 hektar, quru tütün istehsalı 890,4 ton, hər hektardan orta məhsuldarlıq isə 1,8 sentner artmışdır.
Son statistik məlumatlara əsasən artıq rayonumuzda 1.282 ton vələmir, 1.893 ton qarğıdalı, 615 ton paxlalılar, 9.300 ton kartof, 18.981 ton tərəvəz, 2.864 ton bostan, 25.967 ton meyvə, 4.589 ton üzüm və sair məhsullar istehsal olunmuşdur ki, bu da ötən ilin istehsalından xeyli çoxdur.
Son illər ölkənin sərhədyanı rayonlarından başlayaraq Qəhvəyi mərmər bağacığı adlı zərərverici yayılmaqdadır. Bu həşarat meyvə və tərəvəz bitkilərinin, üzümün, dekarativ bitkilərin, qarğıdalının və s. təhlükəli ziyanvericisidir. 300-dən çox bitkiyə ziyan vurur. Zərərvericinin respublikanın ərazilərinə yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğv edilməsi və fitosanitar sabitliyin təmin edilməsi, ölkədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq zərərverici ilə mübarizədə yüksək nəticələr əldə etmək üçün mobil dəstələrin yaradılması, həmin dəstələrin monitorinq və mexaniki mübarizə tədbirlərinə cəlb olunması barədə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıqlar verilmişdir.
Şəkinin ənənəvi məşğuliyyət sahələrindən birini də ipəkçilik təşkil edir. Son dövrlər Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda yenidən bu sahə inkişaf etməyə başladı. Çin Xalq Respublikasından ölkəmizə idxal olunan məhsuldar tut tingləri və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yetişdirilən yerli sortlardan ibarət tut tingləri hesabına baramaçılıqla məşğul olan kəndlərdə yeni tut plantasiyaları salındı və barama istehsalı artmağa başladı. Hazırda rayonumuzda 120 hektar tut bağları var. 2025-ci ildə rayonumuzun kümdarları tərəfindən 8,6 ton barama istehsal olunaraq “Azəripək” MMC-yə təhvil verilmişdir.
Rayonda kənd təsərrüfatının geniş inkişaf edən sahələrindən birinidə heyvandarlıq təşkil edir. Hazırda rayonumuzda 52.565 baş iri buynuzlu, 139.288 baş xırda buynuzlu heyvanlar, 278.600 baş ev quşları, 13.567 arı ailəsi bəslənilir. Bu ilin 9 ayı ərzində rayonumuzda 7.409 ton ət, 42.231 ton süd, 349 ton yun, 22 milyon ədəd yumurta istehsal olunmuşdur. Heyvandarlıq məhsullarının istehsalında əldə olunan nailiyyətlər də ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır.
Bir neçə ay bundan öncə qonşu dövlətlərdə heyvandarlıqda yayılmış virus mənşəli Dabaq xəstəliyi rayonunuzun heyvandarlığında da müşahidə edilmiş və baytar mütəxəssislərin çevik fəaliyyəti nəticəsində xəstəliyin geniş yayılmasının qarşısı alınmışdır. 2025-ci il ərzində rayonda 123 min baş iri buynuzlu və 317 min baş xırda buynuzlu heyvanlarda Dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilmişdir. Heyvandarlıq təsərrüfatlarında müalicə və dezinfeksiya işləri davam etdirilir. Hal hazırda rayonun heyvandarlığında epizotik vəziyyət sabitdir. Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçən) xəstəlik hesab edilsədə Səhiyyə Nazirliyinin məlumatlarından məlum olurki, Azərbaycanda son 30 ildə bu xəstəliyin insanlara yoluxması qeydə alınmamışdır.
2025-ci ildə 63467 baş iribuynuzlu heyvanda, 149714 baş xırdabuynuzlu heyvanda və 1703 baş tək dırnaqlı heyvanlarda Qaraya xəstəliyinə, 53016 baş iribuynuzlu heyvanda Hodulyar Dermatit xəstəliyinə, 223214 baş xırdabuynuzlu heyvanda Çiçək xəstəliyinə, 4615 baş itdə Quduzluq xəstəliyinə, 136095 baş iribuynuzlu heyvanda, 318312 baş xırdabuynuzlu heyvanda Dabaq xəstəliyinə, 73950 baş xırdabuynuzlu heyvanda və 32879 baş iribuynuzlu heyvanda Brusellyoz xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmışdır. Vəhşi heyvanlarda Qudusluq xəstəliyinə qarşı kənd ətrafı meşə ərazilərində və sahibsiz itlərin toplandığı yerlərdə 4500 dox tələ yemi paylanmışdır. 2025-ci ildə rayonda insanlar arasında 225 it və 1 canavar dişləməsi hadisəsi baş vermişdir. İt dişləmiş insanlar Səhiyyə Nazirliyi tərəfindən müalicəyə cəlb edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırma tədbirləri sayəsində iri biznes qruplarının aqrar sahədəki fəaliyyətləri aktivləşməklə yanaşı, bu sahədə üstünlük təşkil edən kiçik və orta sahibkarların öz fəaliyyətlərini daha məhsuldar texnologiyalar tətbiq etməklə həyata keçirmələri üçün də yüksək səviyyədə şərait yaradılıb.
Yaradılmış şəraitdən istifadə edən iş adamları rayonda kənd təsərrüfatının müxtəlif sahələri üzrə istehsal, emal, xidmət və sair istiqamətlərdə müəssisələr yaradır, istehsalın həcmini artırır, yeni iş yerləri yaradırlar.
Rayon ərazisində fəaliyyət göstərən “Aqroinkişaf-2017” MMC, “Monte Ferro” MMC, “Green Factory” MMC, “Aromaland” MMC, “Azumi Group” MMC, “Azəripək” MMC, Şəki şərab zavodu və sair müəssisələr rayonda müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsalı və emalı ilə məşğul olur, rayon əhalisinin məşğulluq səviyyəsinin yaxşılaşdırılmasında mühüm rol oynayırlar.
“Azəripək” MMC barama tədarük edən və ipək məhsulları istehsalı ilə məşğul olan respublikamızda yeganə müəssisədir. Müəssisə 2025-ci ildə respublika üzrə 181 ton barama tədarük edərək 4.326.693 manat dəyərində ipək məhsulları istehsal etmişdir. Müəssisədə 323 nəfər işçi çalışır.
Orta Zəyzid kəndi yaxınlığında yerləşən “Green Factory” MMC tərəfindən 100 hektar sahədə müxtəlif meyvə növlərindən ibarət müasir tələblərə cavab verən intensiv bağçılıq təsərrüfatı yaradılmışdır. Müəssisədə gücü saatda 5 ton olan meyvə çeşidləmə avadanlığı, gücü 24 saatda 3 ton olan meyvə qurutma avadanlığı və ümumi həcmi 1000 m3 olan soyuducu kamera quraşdırılmışdır. Tutumu 15000 m3 olan su anbarı vasitəsi ilə meyvə ağacları damcı-suvarma üsulu ilə suvarılır. 2025-ci ildə müəssisədə istehsal olunan 1600 ton meyvə daxili və xarici bazarlarda satılmışdır. Müəssisədə 15 nəfər daimi 150 nəfər isə mövsümi işlərdə çalışır.
Daşüz kəndi yaxınlığında yerləşən “Aromaland” MMC tərəfindən 121 hektar sahədə lavanda tingləri əkilmiş, tutümü 15000 m3 olan su anbarı quraşdırılmış və damcı-suvarma üsulu ilə suvarma aparılır. 2025-ci ildə müəssisədə istehsal olunan lavanda yağı Hindistanın Mumba şəhərinə satılmışdır. Müəssisədə 10 nəfər daimi 50 nəfər isə mövsümi işçi çalışır.
Rayonun ərazisində yerləşən “Azumi Group” MMC tərəfindən 22 hektar sahədə beton dirək üzərində superintensiv alma bağı salınıb. Damcı-suvarma üsulu ilə suvarılır. Yeni salınmış bu bağda 2026-cı ildən məhsul istehsalı gözlənilir. Hazırda müəssisədə 10 nəfər daimi və 40 nəfər mövsümi işçi çalışır.
Şəki şərab zavodu müxtəlif çeşidli şərab və şərab məhsulları istehsal edir. 2025-ci ildə bu müəssisədə 4 milyon şüşə şərab və şərab məhsulları istehsal etmişdir. Onun 3,5 milyon ədədi ixrac olunmuşdur. Qalanı isə yerli bazarlarda satılmışdır. 2023-cü ildən müəssisədə zəngin üzümçülük və şərabçılıq mədəniyyətinin tarixini təmsil edən müzey fəaliyyət göstərir. Bu günədək müzey müxtəlif ölkələrdən 6000-ə yaxın qonaq qəbul edib. Hazırda zavodda nəfər işçi çalışır.
Fındıqçılıqla məşğul olan “Monte Ferro” MMC rayon ərazisində 1636 hektar intensiv üsulla yeni fındıq bağları salınmışdır və müəssisədə 150 nəfər işçi çalışır.
Kənd təsərrüfatında daha bol məhsul istehsalına nail olunmasında suvarma işlərinin tələb olunan səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Lakin yer səthində baş verən iqlim dəyişmələri, ekoloji tarazılığın pozulması bir sıra ciddi problemlər yaratdığı kimi su çatışmazlığınada səbəb olur. Mövcud vəziyyət su ehtiyatlarından səmərəli istifadə edilməsini, əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün zəruri tədbirlərin görülməsini tələb edir. Respublika əhalisinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə ölkə başçısı tərəfindən ardıcıl qərarlar qəbul edilir və həyata keçirilir.
“Əlicançay su anbarının tikintisi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2023-cü il tarixli 4012 nömrəli Sərəncamı rayon əhalisinin içməli və suvarma suyu ilə təmin edilməsində xüsusi əhəmiyyətə malikdir. Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarının tikintisi istiqamətində hazırda sürətli iş gedir. Əlicançay su anbarının istismara verilməsi nəticəsində əvvəl 12 kəndin, daha sonra ətraf yaşayış məntəqələrinin içməli su problemlərinin tam aradan qaldırılması mümkün olacaq və 33,8 min hektar əkin torpaq sahələrinin suvarılması təmin ediləcəkdir.
Həmçinin “Əyriçay su anbarının tikintisinin tamamlanması” layihəsi qəbul edilmiş və bu istiqamətdə müvafiq işlər görülür. Sözügedən layihənin başa çatdırılması nəticəsində rayon ərazisində əkin sahələrinin suvarılmasını daha da yaxşılaşdırmaq mümkün olacaqdır.
İnsan cəmiyyətinin inkişafı tarixində kənd təsərrüfatı ən qədim, ən fundamental və ən strateji sahələrdən biri kimi hər zaman aparıcı mövqedə olub. Bu sahə təkcə insanın əsas qida və xammal ehtiyaclarının ödənilməsini deyil, bütövlükdə sosial-iqtisadi sabitliyin, milli təhlükəsizliyin və mədəni dəyərlərin formalaşmasını təmin edən mühüm bir fəaliyyət növüdür. Kənd təsərrüfatı dünyanın bütün regionlarında iqtisadiyyatın əsas sütunlarından biri kimi çıxış edir və insanların gündəlik həyatına, sağlamlığına, rifahına, həmçinin cəmiyyətin sabitliyinə təsir göstərən ən vacib sektorlardan hesab olunur. Bu sektorun dinamik inkişafının təmin edilməsində yerlərdə mövcud olan problemlərin vaxtında həll edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Odur ki, rayonumuzun aqrar həyatında bu gün müşahidə edilən bir sıra problemlərə toxunmaq istərdim. Rayonda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, yəni qış və yay otlaqları, əkin torpaqlarının istehsalçılara icarəyə verilməsi elektron kənd təsərrüfatı informasiya sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin torpaqların elektron xəritələri EKTİS –nə tam inteqrasiya olunmadığından istehsalçıların müraciətlərini təmin etmək olmur və bu da istehsalçıların narazılığına səbəb olur. Əmlak Məsələləri Dövlət Xidmətinin və onun yerli qurumlarının bu istiqamətdə işlərinin gücləndirilməsinə ehtiyac vardır.
Dövlət və bələdiyyə mülkiyyətində olan örüş və otlaq sahələrini icarəyə götürən bəzi icarədarlar tərəfindən torpaqlardan təyinatdan kənar istifadə hallarına yol verməklə qanunla müəyyən edilən normadan artıq taxıl əkini aparılır və nəticədə otlaq sahələrinin təbii yem örtüyünə ciddi ziyan dəyir. Torpaq sahələrindən təyinatından kənar istifadələrin qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin genişləndirilməsi ilə yanaşı aidiyyəti qurumlar tərəfindən qanunla müəyyən olunan ciddi tədbirlərin görülməsi zəruri hesab olunur.
Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Subsidiya Şurasının yeni qərarına əsasən 10 hektardan çox buğda və 100 hektardan çox arpa əkini sahələrinə subsidiya sertifikatlı toxum əkən istehsalçılara veriləcəkdir. Hər il rayonumuzda 60-65 min hektar sahədə payızlıq taxıl əkilir. Bunun üçün 11-12 min ton sertifikatlı toxum tələb olunur. 2025-ci ildə rayonumuzda fəaliyyət göstərən 11 özəl toxumçuluq təsərrüfatında 3,6 min ton sertifikatlı toxum istehsal olunmuşdur ki, bu da tələbatın 35-40%-ni ödəyir. İstehsalçılarımızın üzləşdiyi problemin həlli məqsədilə rayonda özəl toxumçuluq təsərrüfatlarının sayının və sertifikatlı toxum istehsalının həcminin artırılmasına diqqəti artırmalıyıq.
Əminliklə bildirirəm ki, rayonumuzun aqrar sektorunda çalışan hər bir şəxs, istehsalçıdan-məmuradək üzərinə düşən hər bir vəzifəni ləyaqətlə yerinə yetirəcək, bu sahədə mövcud olan problemlərin həllinə səy göstərəcək və 2026-cı ildə rayonda daha bol kənd təsərrüfatı məhsulları istehsalına nail olunacaqdır.
Hesabat dövründə 2020-ci ildən Azərbaycan Respublikasının Nazirlər Kabientinin müvafiq sərəncamı ilə ayrılmış və sonrakı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları əsasında dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabına Şəki şəhərinin mərkəzi ilə axan Dəyirmanarxı və Qurcana çaylarında qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması və çay yatağının təmizlənməsi işləri davam etdirilmişdir.
2025-ci ildə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil fondunun əsaslı təmiri işləri diqqətdə saxlanılmış və şəhər ərazisində yerləşən 10 ədəd çoxmənzilli, çoxmərtəbəli binaların bloklarında və 2 yaşayış binasının fasadlarında əsaslı təmir işləri aparılmışdır.
Şəki Şəhər İcra Hakimiyyətinin ölkə başçısına müraciəti əsasında ayrılmış vəsait hesabına ümumi uzunluğu 36,1 km olan, şəhərin su və kanalizasiya sistemlərinin tikintisi başa çatmış 6 prospekt və 14 küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə asfalt örtüyünün əsaslı təmiri işləri aparılmaqla, piyada səkiləri və suötürücü arxlar yenidən qurulmuşdur.
2025-cı ildə şəhərimizdə aparılan abadlıq işləri çərçivəsində Yevlax-Şəki-Zaqatala-Gürcüstan sərhəddi avtomobil yolu üzərində Şəki rayonuna girişdə, o cümlədən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu üzərində Şəki şəhərinə girişdə yerləşən simvollarda yenidənqurma və yenidən planlaşdırma işləri aparılaraq görkəmi yaxşılaşdırılmış, şəhərin 9 küçəsində təmir işləri aparılmış, 711 p.metr uzunluğunda suötürücü arxlar inşa edilmiş, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən 3 küçədə öz tarixi görkəminə uyğun çay daşından istifadə edilməklə yenidənqurma işləri aparılmışdır.
Həmçinin, hesabat dövründə rayon ərazisində yerləşən çoxlu sayda yaşayış və qeyri-yaşayış obyektlərində təmir-bərpa və fasadlarının ümumi görünüşündə yenilənmə işləri aparılmışdır.
2025-ci ildə kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələblərinə uyğun təmin edilməsi, əhalinin fasiləsiz elektrik enerjisi, təbii qazla və içməli su ilə təchiz olunması məsələsi diqqət mərkəzində saxlanılmışdır.
Hesabat ilində Şəki Elektrik Şəbəkəsi 44.445 əhali abonentinə və 3.352 qeyri-əhali abonentinə xidmət göstərmişdir. Əhalini normal və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə müddət ərazində 9 ədəd yarımstansiyada yenidənqurma işləri aparılmış, 14 ədəd yeni güc mərkəzi quraşdırılmışdır. 27 ədəd köhnə tipli komplekt transformator məntəqələri yeniləri ilə əvəz olunmuş, 237 ədəd transformator və komplekt transformator məntəqəsində cari təmir işləri aparılmış, istismar müddətini başa vurmuş dayaqlar yeniləri ilə əvəz olunmuşdur. Rayonun Orta Zəyzid, Vərəzət və Böyük Dəhnə kəndlərində yenidənqurma işləri davam etdirilmişdir.
Müddət ərzində Zaqatala Regional Qaz İstismarı İdarəsinin Şəki xidmət sahəsi tərəfindən rayon ərazisində yeraltı qaz xəttlərində, xətlərin qaynaq yerlərində, yivli birləşmələrdə qaz sızmaları aşkar olunaraq ləğv edilmiş, siyirtmələrə texniki qulluq göstərilmiş, qaz tənzimləyicilər qrafikə əsasən yoxlanılmış, orta təzyiqli daşıyıcı qaz xəttlərində rənglənmə işləri aparılmışdır. Hesabat dövründə 6638 ədəd qaz sayğacı yenisi ilə əvəz edilmiş, 195 yeni qazlaşma həyata keçirilmişdir. Müddət ərzində rayonun qazlaşmayan Əliyar kəndinə qaz xəttəri çəkilərək istismara verilmiş, Şin kəndində isə qaz xəttlərinin çəkilməsi işlərinə başlanılmışdır.
Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2025-ci il ərzində şəhər ərazisində ümumilikdə 17.382 abonentə içməli su və 6.641 abonentə kanalizasiya xidməti göstərilmişdir. Müvafiq dövr ərzində 485 abonentə yeni su sayğacı quraşdırılmış, 381 ev birləşməsi, 382 kanalizasiya qoşulması həyata keçirilmiş, 868 ədəd sayğac dəyişdirilmişdir. Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində müxtəlif diametrli 26.942 p/m su və 19.075 p/m kanalizasiya xətlərinin podratçı təşkilat tərəfindən tikintisi işləri yerinə yetirilmişdir. Hesabat dövründə əkin və həyətyanı sahələrin suvarılması üçün 78.824 min kubmetr su verilmişdir. Müddət ərzində Kiş çayının sağ sahilində Kiş körpüsünün üst hissəsində 172 p/m daş beton bəndin tikintisi işləri aparılmışdır. Eyni zamanda, rayonun Baş Göynük kəndindən keçən Şin çayının sol sahilində – körpünün yuxarı hissəsində 900 p/m, aşağı hissəsində isə 700 p/m olmaqla daş-beton bəndin inşası işlərinə başlanmışdır. Həmçinin, Dəhnə beton kanalının Əliyar kəndindən keçən hissəsində 1 km-lik ərazidə əsaslı təmir işləri aparılır.
“Aztelekom” MMC-nin Şimal-Qərb Regional Filialının Şəki Şöbəsi tərəfindən 2025-ci ilin əvvəlində xidməti ərazidəki bütün yaşayış məntəqələri GPON şəbəkəsinin əhatə dairəsinə daxil edilmiş, abonentlərin yüksək sürətli internetlə təmin edilməsi istiqamətində işlər aparılmışdır.
2025-ci ildə gündəlik olaraq şəhər ərazisində məişət tullantılarının yığılması və danışması, yaşıllıq zolaqlarına qulluq göstərilməsi, küçə və prospektlərin işıqlandırılması işləri yerinə yetirilmişdir. Müddət ərzində ümumilikdə 64221 kubmetr tullantı yığılaraq zibil poliqonuna daşınmışdır.
Qış mövsümü ərzində havaların qarlı-şaxtalı keçdiyi günlərdə rayon ərazisindən keçən magistral yollarda, həmçinin şəhərin küçə və prospektlərində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizlik hərəkətinin təmin olunması məqsədilə müvafiq hazırlıq işləri görülmüşdür.
Məlum olduğu kimi, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.
Hesabat dövründə Şəkidə təhsil sistemində tədris, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili diqqət mərkəzində olmuşdur. Müddət ərzində mövcud infrastrukturun yenilənməsi ilə bağlı bir sıra işlər icra edilmişdir. 2024-cü ilin noyabr ayında qəzalı vəziyyətdə olduğundan sökülmüş Şəki şəhər 18 nömrəli tam məktəbin yerində 720 şagird yerlik tam orta məktəbin tikintisi işlərinə başlanılmış, hal-hazırda birinci mərtəbənin döşəməsinin betonlama işləri tamamlanmışdır. 2025-ci ilin sentyabr ayında Şəki şəhər 19 nömrəli tam orta məktəbin əsaslı təmir işlərinə başlanılmışdır. Müddət ərzində bir sıra məktəb və bağça binalarında cari təmir işləri aparılmışdır.
Ötən tədris ilində 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticələrində əvvəlki illərlə nisbətən əhəmiyyətli dərəcədə irəliləyiş olmuşdur. “Zəfər” Respublika Yaradıcılıq Festivalında iştirak edən 8 nəfər Şəki məktəblisindən 2 nəfər 1-ci, 1 nəfər 2-ci; 5 nəfər isə 3-cü yeri qazanmışdır. Hər il keçirilən “Sabahın alimləri” 14-cü Respublika Layihə Müsabiqəsində 4 Şəki məktəblisi üçüncü yerin qalibi olmuşdur. 2025-ci tədris ilində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat“ müsabiqəsinin republika mərhələsində Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin şagirdi Fatimə Nəsibova ikinci yerin qalibi olmuşdur. Ötən tədris ilində Respublika Fənn Olimpiadalarının rayon mərhələsində 1831 nəfər iştirak etmiş, finala vəsiqə qazanan 34 nəfər şagirddən 15 nəfəri medal qazanmışdır. Respublika Fənn Müsabiqələrinin rayon mərləhəsində 1453 nəfər iştirak etmiş, finala vəsiqə qazanmış 84 nəfərdən 15 nəfəri həmin mərhələnin qalibi olmuşdur. Hesabat ilində Şəki şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Ayan Əhmədzadə “WORLD TALENT AWARD” beynəlxalq musiqi festivalında fortepiano ifası üzrə dünya birincisi olmuşdur.
Ötən tədris ilində Şəkininin ümumtəhsil məktəblərini bitirən 1916 nəfər şagirddən 945 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Qəbul olunanlardan 67 nəfər 600-dən yuxarı bal toplamışdır. Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin şagirdi Orxan Abdulsəmədli ölkə üzrə maksimum nəticə göstərərək 700 bal toplamışdır. Yüksək balla ali məktəblərə qəbul olmuş məzunlar, respublika fənn olimpiadalarının və digər müsabiqələrin qalibləri Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.
Ötən ildə bir nəfər müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 3 nəfər isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Şəki şəhər 11 nömrəli tam orta məktəbin 100 illik yubileyi, həmçinin, Şəkidə uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan Afərdə Əmrahovanın 100 yaşı təntənə ilə qeyd edilmişdir.
2025-ci ildə əhaliyə göstərilən stasionar və ambulator-poliklinik tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, tibbi xidmətlərin sayının artırılması, müraciət edən xəstələrin və vətəndaşların qeydiyyat prosesinin təkmilləşdirilməsi məqsədilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Xəstəxanada göstərilən xidmətlərin sayının artması nəticəsində müraciət edənlərin sayı da artmışdır. İl ərzində xəstəxanaya 485.852 abulator müraciət daxil olmuşdur ki, buda əvvəlki illə müqayisədə 22,3 % çoxdur. Ötən il stasionar müalicə üçün müraciət edən xəstələrin sayı 8.347 nəfər təşkil etmiş, stasionarda ümumilikdə 6.547 əməliyyat icra edilmişdir. Bütün xəstələrə göstərilən tibbi xidmətlərin sayı 1.218.237 olmuşdur. Hesabat dövründə xəstəxananın Təcili Tibbi Yardım şöbəsinə ümumilikdə 34.358 xəstə müraciət etmişdir.
2025-ci ildə Ailə Sağlamlıq Mərkəzi tərəfindən 18 yaşadək uşaqlardan 20327 nəfəri icbari dispanserizasiyadan keçirilmiş, bu da nəzərdə tutulanların 66,6 % -ni təşkil edir.
Müddət ərzində “Respublika Qan Bankı” publik hüquqi şəxsin Şəki bölməsində Şəki Şəhər İcra Hakimiyyətinin və digər qurumların dəstəyi ilə 7 qanvermə aksiyası təşkil olunmuşdur.
2025-ci ildə bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayramlar yüksək səviyyədə qeyd olunmuşdur.
Müddət ərzində mədəniyyət müəssisələri tərəfindən 250-dən artıq müxtəlif tədbir, 14 konsert proqramı, 53 sərgi təşkil olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ötən il ölkəmizdə ikinci dəfə keçirilən Uşaq İncəsənət Festivalında Şəkinin musiqi və incəsənət məktəblərinin şagirdləri yüksək nəticələr əldə etmişlər. 2025-ci il üzrə Heydər Əliyev Mərkəzlərinin təşkil etdikləri tədbirlərin say statistikasına əsasən, il ərzində ən çox tədbir təşkil edən Şəki şəhər Heydər Əliyev Mərkəzi şəhər və rayonlarda fəaliyyət göstərən 61 Mərkəz içərisində birinci yerdə qərarlaşıb.
Hər il şəhərimizdə keçirilən və artıq ənənəyə çevrilən “İpək Yolu“ Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları, gözəl ifaçıların qatıldığı festival bizə həmişə xoş bayram ovqatı bəxş edib. “İpək yolu” Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Ötən il 14-cü dəfə keçirilən və üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə və Çin Xalq Respublikasının, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivlərinin, istedadlı musiqiçilərin çıxışlarını izləyiblər. Festivalın təntənəli bağlanış mərasimində Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri Vətən müharibəsindəki şanlı Zəfərimizin 5 illiyinə həsr edilmiş konsert proqramı ilə çıxış edib. Bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, musiqisevərlər etiraf edirlər ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır. Festival günlərində təşkil olunmuş konsert proqramları şəhər sakinlərinin dünyagörüşünün, musiqi mədəniyyətinin zənginləşməsinə mühüm təsir göstərir, xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasında və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır.
Şəki tarixən Azərbaycanın ən qədim mədəniyyət məskənlərindən biri olub və həmdə regionun turizm mərkəzi kimi tanınmaqdadır. Şəki rayonunda aqro turizm, ekoturizm, kənd turizmi və müxtəlif turizm sahələri inkişaf etmişdir. Rayonda tarixi-mədəniyyət abidələri, muzeylər, qədim dövrlərə aid məbədlər, orta əsrlərə aid karvansaraylar, Şəki Xan sarayı, bacarıqlı sənətkarların əsərləri sərgilənən “Sənətkarlar evi” turistələr üçün cəlb edici məkanlardır. Burada 62-dən çox mehmanxana fəaliyyət göstərir. Bir gündə 3000 nəfəri yatılı qarşılama potensialına malik olan Şəkiyə il ərzində 300 mindən çox yerli və xarici turistlər səfər edir.
Qeyd etmək lazımdır ki, hesabat dövründə Şəkidə “İpək yolu” Beynəlxalq Musiqi Festivalı ilə yanaşı, turizmin inkişafına xidmət edən digər tədbirlər də təşkil olunmuşdur. Şəki şəhərinin 2713 illiyi münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhər günü” bayram tədbiri keçirilmişdir. Ötən ilin oktyabr ayında Dövlət Turizm Agentliyinin təşkilatçılığı, tabeliyindəki Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin, eləcə də “Slow Food International” hərəkatının əməkdaşlığı ilə Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində “Terra Madre Shaki” qastronomiya festivalı təşkil olunmuşdur.
Məlum olduğu kimi, Şəki şəhəri 2017-ci ildən “Sənət və sənətkarlıq” tematikası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür. Ötən il Şəki Şəhər İcra Hakimiyyətinin, Dövlət Turizm Agentlyinin və "ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə "Sənətkarlıq Diyarı" və "Ustad əllər" adlı mədəni-kütləvi tədbirlər keçirilmışdır. Şəkinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi daxilində fəaliyyəti çərşivəsində keçirilən bu tədbirlər zamanı ölkəmizin ayrı-ayrı bölgələrindən gələn “ABAD”çı sənətkarların, həmçinin yerli sənətkarların əl işlərindən ibarət satış-sərgilər təşkil olunmuş, sənətkarlar tərəfindən ustad dərslər nümayiş etdirilmışdır.
Ötən il Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmışdır. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin dəstəyi ilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2025” turniri təşkil olunmuşdur.
Prezident İlham Əliyevin Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq Şəki şəhərində ilboyu beynəlxalq və yerli tədbirlər keçirilmişdir.
Müddət ərzində Azərbaycanın qədim və zəngin tarixə malik ərazilərindən biri olan Qərbi Azərbaycan bölgəsinin görkəmli şəxslərini, milli-mədəni irsini tanıtmaq və təbliğ etmək məqsədilə müxtəlif tədbirlər keçirilmışdir, o cümlədən “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının birinci cildinin təqdimatı olmuş, Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı rəsm sərgisi təşkil olunmuşdur.
“Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Şəki Regional Elmi Mərkəz tərəfindən bir sıra tədbirlər təşkil olunmuşdur. Qeyd edək ki, cənab Prezidentin müvafiq Sərəncamı ilə yubiley münasibətilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə Şəki Regional Elmi Mərkəzin direktoru Yusif Şükürlü Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Şəki şəhərində müxtəlif tədbirlər təşkil olunmuşdur.
Ötən il Prezident İlham Əliyevin akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq Şəki şəhərində görkəmli alimin yubileyinə həsr olunmuş "Azərbaycan neft kimyasının banisi: Yusif Məmmədəliyev" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Hesabat ilində Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyi qeyd edilmiş, bu münasibətlə tədbir keçirilmış, bir qrup media nümayəndəsinə mükafatlar təqdim olunmuşdur. Qeyd edək ki, cənab Prezidentin Sərəncamı ilə yubileyi münasibətilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Kanal S" televiziyasının əməkdaşı Həyat Məmmədova “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Həmçinin, "Kanal S" televiziyasının icraçı direktoru Ramin Mustafayevə, “Şəki” qəzetinin təsisçisi və baş redaktoru Akif Salamova, "Şəki Ensiklopediyası" jurnalının və “İpəkçi” qəzetinin təsisçisi və baş redaktoru Aydın Məmmədova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olunmuşdur.
Yola saldığımız ildə Şəki şəhərində çoxsaylı idman yarışları, sağlam həyat tərzinin təbliğinə, gənclərin asudə vaxtının səmərəli təşkilinə və vətənpərvərlik ruhunun formalaşmasına yönəlmiş tədbirlər təşkil olunmuşdur. Təşkil olunmuş yerli və beynəlxalq səviyyəli turnirlər, o cümlədən III MDB Oyunları çərçivəsində keçirilən yarışlara Şəkinin ev sahibliyi etməsi şəhərimizin idman potensialından xəbər verir və gələcəkdə yeni layihələrin reallaşmasına zəmin yaradır.
2025-ci ildə Şəki şəhəri dövlət səviyyəsində keçirilən bir sıra yerli və beynəlxalq tədbirlərdə təmsil olunub. Qeyd edim ki, ötən ilin 15-17 oktyabr tarixlərində Xankəndi və Bakı şəhərində olmaqla “İqlimədavamlı və sağlam şəhərlər naminə: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda və onun davamı olaraq “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu” tədbirində, həmçinin, Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimində iştirak etmişəm.
Şəkidə cinayətkarlıqla mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində hesabat dövründə müvafiq tədbirlər həyata keçirilmiş, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunması təmin edilmişdir. Müddət ərzində 214 cinayət hadisəsi qeydə alınmış, açılma 95,3 % təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2025-ci ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə uğurla həyata keçirilmişdir. Ötən ilin 9 ayı ərzində 900 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir. Eyni zamanda, 2025-ci ildə 281 nəfər ehtiyatda olan hərbi xidmət keçmiş hərbi qulluqçu bilik və bacarıqlarının artırılması üçün təlim toplanışına yola salınmışdır.
Hesabat dövründə Şəki Şəhər İcra Hakimiyyətində qəyyumluq və himayəçilik, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq fəaliyyət göstərmişlər.
“Vətəndaşların muraciətləri haqqında'' Azərbaycan Rеspublikası Qanununun tələbləri rəhbər tutularaq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən оlunmuş qrafikə uyğun оlaraq ümumi qəbulu təşkil olunmuş, оnların müraciətlərinə, ərizə və şikayətlərinə vaхtında baхılması məsələsi diqqətdə saxlanılmışdır.
Şəki şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin, yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş zərərlərin, ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı yaradılmış komissiyanın xətti ilə 2025-ci ildə 815 nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 202.188 manat məbləğində maddi yardım göstərilmişdir.
2025-ci ildə 257 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən inzibati binada qəbul edilmişdir. Hesabat dövründə Şəki rayonunun qəsəbə və kəndlərində şəhər icra hakimiyyətinin başçısının 48 səyyar qəbulu təşkil olunmuş, səyyar qəbullarda qaldırılan 386 məsələdən bir qismi yerində öz həllini tapmış, digər problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanmış, həmçinin aidiyyəti üzrə müraciətlər ünvanlanmışdır.
Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3386 müraciət daxil olmuşdur. Müraciətlərin 2683 ədədi birbaşa vətəndaşlar tərəfindən, 703 ədədi isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 1050 ədədi müsbət cavablandırılmış, 1647 ədədinə müvafiq izahat verilmiş, 266 ədədi baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmiş, 52 ədədi baxılmamış saxlanılmış, 11 ədədi qismən təmin edilmiş, qalanı isə icradadır. Daxil olmuş müraciətlər əsasən - yaşayış sahəsilə təmin olunma, maddi yardım göstərilməsi, fərdi yaşayış evlərinin təmiri və tikintisi, daşınmaz əmlakın rəsmiləşdirilməsi, ünvanlı sosial yardım və müavinətlər, işlə təmin olunma, tibbi xərclərin qarşılanması, mavi yanacaqla təchizat, qəyyumluq məsələləri, yol və yol qovşaqlarının tikintisi ilə bağlı olmuşdur.
“Rəqəmsal İcra Hakimiyyəti İnformasiya Sistemi” vasitəsilə müddət ərzində 10070 müraciət daxil olmuşdur. Onlardan 3491 ədədi xidmətlər, 6188 ədədi müraciətlər, 389 ədədi vətəndaş qəbulu, 2 ədədi isə elektron iştirakçılıq bölməsinə aid olmuşdur. Bütün müraciətlər qanunamüvafiq şəkildə cavablandırılmışdır.







